İdeoloji təxribatlara qarşı Prezidentin “Yol xəritəsi” — Necə mübarizə aparmalıdır?

SİYASƏT 01 oktyabr 2024, 15:20
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qarşıya qoyduğu vəzifələrdən biri də ideoloji təhlükəsizliklə bağlı idi. İdeologiya istər müharibədə, istərsə sülh dövründə geosiyasi mübarizənin əsas komponentlərindən biri olub. Azərbaycan da zaman-zaman ideoloji təxribatlarla üzləşib.

Azərbaycanın üzləşdiyi ideoloji təxribatlar xüsusilə iki istiqamətdə baş verib. Bunlardan biri Ermənistan və dünya ermənliyinin həyata keçirmək istədikləridirsə, digəri antiazərbaycan qüvvələrin planlarıdır. Əsas hədəfləri Azərbaycanda milli-mənəvi ideologiyanı zədələmək, ictimai şüuru öz maraqlarına uyğun formalaşdırmaq olub. İndiyə qədər belə cəhdlər nəticə verməyib. Prezident İlham Əliyev də çıxışında bunu qeyd etdi. Bildirdi ki, istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür.  Lakin əlavə etdi ki, bu bizi sakitləşdirməməlidir.

“Biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər... Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”, - dövlət başçısı vurğulayıb.

Təcrübə təsdiq edir ki, ölkəmizdə ən sağlam ideologiya Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasıdır. Bu ideologiya ölkədə milli yüksəlişi təmin edən dəyərlər sistemini formalaşdırıb, nəticədə bugünkü qüdrətli Azərbaycanın yaradılmasına nail olunub. Bu ideologiya ətrafında sıx birləşmək əsas prioritet olmalıdır. Çünki Azərbaycanı hədəf alanlar ilk növbədə milli ideologiyanı da sarsıtmağa çalışır. 

İdeoloji təxribatlar böyük güclərin ölkələri təsir dairəsində saxlamaq, xalqların onlara itaət etməsinə nail olmaq məqsədilə həyata keçirilir. Azərbaycan 1990-2000 ci illərdə bu təxibatlarla intensiv şəkildə üzləşib. Qərb başda olmaqla kənar qüvvələrin ideoloji müdaxilələri, vətəndaş cəmiyyəti institutlarında, mediada, siyasi partiyalarda şəbəkələrin yaradılması cəhdləri, tanınmış ictimaiyyət nümayəndələrinin, dindarların, bəzi hallarda isə oliqarxlaşmış şəxslərin ələ alınması, ictimai rəyə təsir və hakimiyyətə təzyiq mexanizmlərinin formalaşdırılması halları ilə qarşılaşmışıq. Müasir dövrdə isə ideoloji təcavüzün yeni forma və metodlarının tətbiqi müşahidə edilir. Xüsusilə LGBT, “NoWar” və digər bu kimi zərərli meyllərin aşılanması, gənclərin ələ alınması, onlarda antimilli, kosmopolit dünyagörüşünün formalaşdırılması planlarının həyata keçirilməsinə cəhdlər olunur. Azərbaycanda bu planların həyata keçirilməsi cəhdlər uzaq tarixin hadisəsi deyil. Lakin xalqımız bu təxribatların qarşısını milli birlik sayəsində almağı bacardı.

2020-ci il Vətən müharibəsindən sonra isə regionda Azərbaycanın mərkəzçi gücə malik olduğu yeni reallıqlar yaranıb. Bu reallığın davamlı olması üçün ölkə daxilində formalaşdırılmış şəbəkələrin ifşa edilməsi və neytrallaşdırılması həyata keçirilməlidir. Bu prosesdə azərbaycançılıq ideologiyası birləşdirici, müdafiəedici və inkişafa təkan verən dəyərlər sistemi kimi xaricdən gələn təxribatlara qarşı qalxan rolunu oynaya bilər.

Əsas diqqət edilməli məqam gənclərdir. Çünki müasir dövrdə rəqəmsal anarxiya cəmiyyətləri, xüsusən də gənc nəsli təsir altına salmaq, istiqamətləndirmək üçün ən təsirli vasitə olaraq istifadə edilir. Sosial media komponentləri gənclərin şüuru ilə manipulyasiya etmək, onlarda antimilli və kosmopolit dünyagörüşü formalaşdırmaq üçün geniş imkanlar yaradırlar. Bu təhdidləri aradan qaldırmaq, belə təhlükələrə qarşı mübarizə aparmaq üçün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin gənclər siyasəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış vətənpərvər gənclik müstəsna rol oynaya bilər. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq dastanları bunu əyani şəkildə nümayiş etdirdi. Bu baxımdan, vətənpərvər gəncliyin formalaşmasında ailə institutu və təhsilin üzərinə ciddi vəzifələr düşür. İdeoloji təxribatlara qarşı immun sisteminin gücləndirilməsi mediadan tutmuş təhsilə qədər bütün sferalarda prioritet olmalıdır.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top