Qarabağdakı evlərin kirayə verilib-verilməsi ilə bağlı AÇIQLAMA

QARABAĞ 25 sentyabr 2024, 18:38
İşğaldan azad olunmuş ərazilərimizdə yaşayan sakinlərin evlərini kirayə verməsi məsələsi cəmiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bəzi ekspertlər isə bildirir ki, həmin evlər qanunla kirayə verilə bilməz.

Məsələ ilə bağlı tanınmış əmlak eksperti Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağda sosial evlərin kirayə verilməsində heç bir qəbahət və qadağa ola bilməz:

“Azad olunmuş ərazilərimizdə tikinti bərpa işləri sürətlə davam etdikcə, məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına geri göndərilir. Daha çox ağır şəraitdə yaşayan məcburi köçkünlər, yəni yataqxana və digər ərazilərdə, inzibati binalarda yaşayan məcburi köçkünlər yola salınır. 

Biz onların ilkin vaxtlarına nəzər salsaq, Birinci Qarabağ müharibəsi başlayan zaman düşmən tərəfindən həmin ərazilər zəbt olundu, on minlərlə insanlarımız şəhid oldu və həmin ərazilərimiz dağıdıldı. Həmin illərdə müharibədən əlavə Sovetlər İttifaqının dağılması ilə əlaqədar bütün regionda iqtisadi çöküş baş vermişdi. Uzun illər məcburi köçünlər çadırlarda, vaqonlarda, yataqxanalarda və ağır həyat şəraitində yaşadılar. Daha sonra mərhələli şəkildə dövlət tərəfindən onlara evlər, imtiyazlar verildi. 

Təbii ki, Qarabağda tikinti işləri bitdikcə, onlar da öz evlərinə köçürülür. Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərə gedən insanlar məcburi köçkünlər deyil, Azərbaycanın bütün əhalisi oralara həm turist, həm də ziyarət üçün gedib gəzirlər. Yəni Azərbaycanı özünə doğma bilən vətəndaş Qarabağa getməyə can atır”.



Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş əraziləri ziyarət edən şəxslər orada gecələyən zaman kirayə evlərə ehtiyac yaranır:

“Təbii ki, məcburi köçkünlərə o evlər dövlət tərəfindən verilib. Amma oralar bir zamanlar onların dədə-baba yurdları olub. Onlar 30 ildən artıq qaçqın, məcburi köçkün həyatı yaşayıblar. Bütövlükdə, həmin ərazilər turistik zonadır və Azərbaycan üçün müqəddəs yerlərdir. Biz orada minlərlə insanları şəhid vermişik. 

Bu gün Azərbaycanın müxtəlif turistik zonalarında insanlar öz evlərində və ya gündəlik kirayə evlərdə qalırlar. Hazırda Qarabağ sakinləri öz evlərini gündəlik kirayə verirlərsə, burada qanunla qadağa yoxdur. Çünki bəzi sosial evlər var ki, dövlət tərəfindən verilir, birbaşa vətəndaşın özünə məxsusdur. Əgər mənzili kirayə verib, pul qazanmaq qanunla qadağandırsa, o zaman ölkədə evlərini gündəlik kirayə verən şəxslərin hər birinə qarşı bu qanun şamil olunmalıdır. Çünki o mənzillərin də çoxuna çıxarış verilməyib. Məcburi köçkünlər Azərbaycan vətəndaşıdır və onların öz evlərini kirayə verib, gəlir əldə etməsində heç bir qəbahət yoxdur”.  


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top