Qeyri-neft sektorunun inkişafı Dövlət Neft Fondundan büdcəyə daxilolmaların həcminin azalmasına yardımçı olur — Deputat

GÜNDƏM 20 sentyabr 2024, 18:18
“Azərbaycan ənənəvi neft-qaz ölkəsidir. Ancaq neftin Azərbaycanın inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına təsiri yalnız müstəqillik dövründə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tam parlaqlığı ilə mümkün oldu. Bu vaxta qədər Azərbaycan neftini Azərbaycan dövlətinin maraqlarına zidd şərtlərlə ələ keçirmək istəyən xarici qüvvələr, şirkətlər var idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xarici şirkətlərlə müqavilə bağlamağa razı oldu, lakin bu müqavilələr Azərbaycan dövlətinin xeyrinə olmalı idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, 30 il öncə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına yönəlmişdi:

“Bu müqavilənin imzalanması regionun simasını kökündən dəyişdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müsbət faktor kimi önə çıxdı. Neftdən əldə olunan gəlirlər Azərbaycanın iqtisadiyyatının dirçəldilməsində böyük rol oynadı. Ulu öndərin təklifi ilə 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Hazırda Dövlət Neft Fondunun maliyyəsi 50 milyard ABŞ dollarından çoxdur. Neft gəlirləri kommunikasiyaların yenidən qurulmasında, qaçqın və məcburi köçkünlərin, vətəndaşların sosial problemlərinin həllində çox böyük miqyasda yardımçı oldu. Müəyyən müddət Dövlət Neft Fondundan dövlət büdcəsinə müəyyən vəsait keçirilirdi ki, bununla da manatın stabilliyinə nail olundu. Görülən işlər nəticəsində iqtisadiyyatda qeyri-neft sektorunun rolu əhəmiyyətli dərəcədə artdı. Bu imkan verir ki, Dövlət Neft Fondundan büdcəyə daxilolmaların həcmi ildən-ilə azalsın”. 

Millət vəkili vurğulayıb ki, “Əsrin müqaviləsi” iqtisadiyyatımızın güclənməsinə, ordumuzun imkanlarının artırılmasına və nəhayət, torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxardı:

“Bu gün azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri görülür, “Böyük Qayıdış” sürətlə həyata keçirilir. Məktəblər, səhiyyə ocaqları, yaşayış məntəqələri inşa edilir, yol infrastrukturu yenilənir. Cənab Prezidentin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bu gün mədəniyyət paytaxtımız olan Şuşa həm də Azərbaycanın diplomatik mərkəzinə çevrilib. Vaxtaşırı Şuşada keçirilən beynəlxalq tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Vaxtilə ulu öndərin qətiyyəti və uzaqgörənliyi ilə bağlanmış “Əsrin müqaviləsi” bu gün də Azərbaycan dövləti və xalqının xeyrinə işləməyə davam edir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top