AZAL-ın bu layihəsi ilə özünüzü pilot kimi hiss edəcəksiz — FOTOLAR

BİZNES 13 sentyabr 2024, 15:32

Bakıda “Azərbaycan Hava Yolları” QSC (AZAL) və ABŞ-nin “Boeing” şirkətinin birgə layihəsi çərçivəsində “Boeing 787 Dreamliner” uçuş simulyatoru vətəndaşlar və şəhərin qonaqları üçün nümayiş olunur.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 12-dən etibarən “JW Marriott Absheron Baku” hotelində quraşdırılan simulyatora nümayiş ayın 15-nə kimi davam edəcək. Vətəndaşlar bu günlər ərzində saat 10:00-dan 17:00-a kimi nümayiş simulyatorundan istifadə edə bilərlər.

Belə ki, bu simulyatorlardan istifadə etməklə özünüzü bir neçə dəqiqəlik də olsa, pilot kimi hiss edəcəksiniz. Nümayiş üçün nəzərdə tutulmasına baxmayaraq, insan sükan arxasında əyləşən kimi özünü real pilot kabinəsində xəyal edir. Quraşdırılan simulyatordan istifadə edərkən keçirdiyi həyəcan hissi insanı səhv etməməyə, diqqətini tamamilə monitora yönəltməyə sövq edir. 

Elə “Boeing”in Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi də öz açıqlamasında bildirib ki, bu layihə ilə aviasiyaya marağı artırmağa çalışırlar: “Azərbaycan Hava Yolları” regionda “Dreamliner”i istismar edən ilk aviaşirkət olub və ötən il donanmasını genişləndirmək məqsədilə daha səkkiz 787 təyyarəsini sifariş verib. Simulyator vasitəsilə belə bir müasir təyyarəni “idarə etmək” imkanını yaratmaqla Azərbaycanda yeni nəsil aviasiya həvəskarlarını ruhlandırmağa və sahəyə marağı artırmağa çalışırıq” . 

Onu da qeyd edək ki, “Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən qonaqlar ABŞ-nin “Boeing Field” aerodromuna “eniş edə” və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış ola bilərlər.

Eyni zamanda, “Boeing 787 Dreamliner” yanacaq səmərəliliyi və sərnişinlər üçün rahatlığı ilə seçilən müasir geniş gövdəli təyyarələr seriyasıdır. Bu seriyaya üç model daxildir: “Boeing 787-8” — 248 sərnişin tutumuna və 13.530 km-ə qədər uçuş məsafəsinə malikdir. “Boeing 787-9” -296 sərnişin üçün nəzərdə tutulub, uçuş məsafəsi 14.010 km-ə qədərdir. “Boeing 787-10” -336 sərnişin daşıya, 11.730 km-dək məsafə qət edə bilir.

Bununla yanaşı, “Boeing 787” təyyarələrinin göyərtəsində sərnişinlərin yüksək rahatlığı hava rütubətinin və təzyiqinin aşağı hündürlüyə uyğun saxlanılması, daha yaxşı görüntü üçün böyük illüminatorlar, turbulentliyin təsirini azaldan innovativ texnologiyalar sayəsində təmin edilir.

“Boeing 787” təyyarələri yanacaq sərfiyyatını və emissiyaları köhnə modellərlə müqayisədə 25% azaltmağa imkan verir.

Bu üstünlüklər sayəsində “Azərbaycan Hava Yolları” daxil olmaqla, dünyanın 89 aviaşirkəti “Boeing 787” təyyarələrini həm mövcud, həm də yeni marşrutlarında istifadə edir. 2011-ci ildə istismara veriləndən sonra, “Boeing 787” dünyada 400-dən çox yeni birbaşa marşrutun açılmasına və 919 milyondan artıq sərnişinin daşınmasına imkan yaradıb.

“Boeing” şirkəti 787 təyyarə ailəsi üçün 1900-dən çox sifariş alıb. Sifarişlərin yarıdan çoxu “Azərbaycan Hava Yolları” kimi artıq donanmasında 787 seriyalı təyyarə olan aviaşirkətlərdən gəlib.

Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.

 








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top