"Onlar üçün hər şey əyləncədir..." — Ekspert azyaşlıları gözləyən təhlükələrdən danışdı

HADİSƏ 03 sentyabr 2024, 20:30
Azyaşlı uşaqları evdə nəzarətsiz qoymaq faciələrə səbəb ola bilər. Bir neçə gün bundan əvvəl baş verən bədbəxt hadisə valideynləri bir daha diqqətli olmağa vadar edir. 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılan iki yaşlı körpə təəssüf ki, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi. Ağır travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Məsələ ilə bağlı Demokrat.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, evdə azyaşlı uşaqlar varsa risklərə qarşı qabaqlayıcı tədbirlər görülməlidir: 



"Uşaqlar eyvandan yıxıla, kimyəvi tərkibli vasitələri qida zənn edib qəbul edə və ya dərmanları uda bilərlər. Bundan başqa bıçaq, qayçı, iynə kimi kəsici deşici alətlər uşağın əlinə keçə bilər, bunlarla özünə, evdəkilərə xəsarət yetirə bilər. Elektriklə işləyən cihazlar uşağın əlinin çatmayacağı yerdə olmalıdır. Uşaq əlini ətçəkən, blender və digər mətbəxt texnikalarına sala, xəsarət ala bilər. Bunlar hər biri ciddi məsələlərdir. Pəncərələrin ikili kilid sistemi olmalıdır ki, uşaq pəncərəyə çıxsa da onu aça bilməsin. Eyvana çıxan qapı hər zaman bağlı olmalıdır, eyvanın məhəccərində qoruyucular olmalıdır ki, uşaq eyvandan baxanda yıxılmasın. Elektrik yuvalarının üzəri bağlı olmalıdır, uşaq əlini və ya hansısa bir əşyanı ora salmasın.

Valideynlərin üzərinə böyük məsuliyyət düşür. İki yaşında uşaq üçün hər şey əyləncədir, o, təhlükənin nə olduğunu bilmir. Bu yaşlarda uşağı evdə nəzarətsiz qoymaq olmaz. O cümlədən evdə uşaqlara təhlükə törədə biləcək hər şeyə qarşı tədbir görülməlidir".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top