"Rəngi, qoxusu və dadı dəyişməyə başlayıbsa, yeməkdən çəkinməliyik" — Turşular necə saxlanılmalıdır?

GÜNDƏM 26 avqust 2024, 19:25
Yayın sonuna yaxınlaşırıq. Mürəbbələr bişirilib, turşular qoyulub, kompotlar bağlanılıb. Xanımlar qış tədarüklərini hazırlayıb bitiriblər. Əsasən soyuq havalarda yeyilən və zəhərlənməyə səbəb olan qidalardan biri də turşulardır.  

Qida təhlükəsizliyi eksperti Asim Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, turşu hazırlamaq üçün seçilən meyvə və tərəvəzlər təzə olmalıdır:

“Kiflənmiş, ya çürümüş məhsuldan istifadə etmək olmaz. Meyvə və tərəvəzləri bol su ilə təmiz yumalıyıq. Həmçinin meyvə və tərəvəzləri üzərində olan torpaq, qum və kimyəvi maddələrdən təmizləməliyik. 

Bankaları və qapaqları təmiz yumalı və qaynar suda sterilizasiya etməliyik. Bu, mikroroqanizmlərin yayılmasının qarşısını alır”.

Ekspertin sözlərinə görə, turşunun hazırlanmasında istifadə olunan duz miqdarı çox vacibdir:

“Adətən 5-8% duzlu su məhlulu istifadə olunur. Çox az duz istifadə edildikdə kif və ya digər zərərli mikroorqanizmlərin çoxalma ehtimalı artır.

Sirkə və ya limon suyu turşuluğu artırır və bu da bakteriyaların çoxalmasına mane olur. Beləliklə turşular daha təhlükəsiz olur”.

Asim Vəliyev bildirib ki, turşular sərin və quru yerdə saxlanmalıdır: 

“Otaq temperaturunda saxlama müddəti qısa olmalı, qışa qədər sərin yerdə saxlanılmalıdır.

Açılmış turşu bankaları soyuducuda saxlanmalıdır. Bu, onların təzə və təhlükəsiz qalmasına kömək edir. Turşular düzgün hazırlandıqda və saxlanıldıqda bir neçə ay, hətta bir il saxlanıla bilər. Lakin turşunun rəngi, qoxusu və dadı dəyişməyə başlayıbsa, yeməkdən çəkinməliyik.

Bankanın qapağı şişibsə, açarkən pis qoxu gəlirsə və ya kif əlamətləri varsa, bu turşunu yemək təhlükəlidir. Turşunun rəngi və ya tərkibi dəyişərsə, yeməkdən çəkinmək lazımdır.

Turşu hazırlayarkən bu qaydalara əməl etsək, həm dadlı, həm də təhlükəsiz məhsullar əldə edə bilərik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top