Gülpəri Bayramova kimdir? — 29 yaşlı deputatlığa namizədin uğur hekayəsi (FOTOLAR)

DAXİLİ SİYASƏT 21 avqust 2024, 14:50
VII çağırış Azərbaycan Respublikasının Milli Məclisini formalaşdıracaq növbədənkənar parlament seçkilərindən bizi 10 günlük zaman kəsimi ayırır. Artıq deputatlığa namizədlər seçki marafonunun sonuna yaxınlaşırlar.     Bu seçkilərdə əsas diqqətçəkən məqamlardan biri namizədlər arasında gənclərin və xanımların üstünlük təşkil etməsidir.

16 saylı saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova da iddialı və ən aktiv təbliğat aparan namizədlərdən biridir.

Demokrat.az 29 yaşlı deputatlığa namizədin uğur hekayəsini təqdim edir:

Gülpəri Azər qızı Bayramova 3 dekabr 1994-cü ildə Borçalı mahalında, Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Uşaq yaşlarından Bakıda yaşayan Gülpəri Bayramova burada orta təhsil alır. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olan qəhrəmanımız ali məktəbi fərqlənmə diplomu ilə başa vurur. Universitet illərində aktiv ictimai fəaliyyətlə məşğul olur və Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal üzvü olur. Valideynləri onun gələcəyini ədəbiyyat müəllimi olaraq görsələr də, o, yolunu fərqli sahədən salır. 

Özünün dediyinə görə, uşaqlıqdan ən böyük arzusu biznes-ledi olmaq olub. Lakin onun bu arzusunu həmişə zarafatla qarşılayar və bunun mümkünsüz olduğunu iddia edərlərmiş. Səbəb isə iş qurmağın çətinliyi və xanım olması göstərilir. Universitet həyatının son illərində isə o, bu arzusunu gerçəyə çevirmək qərarını verir. Qəti qərarı olsa da, yol xəritəsi, alqoritmi yox imiş. Yəni, “Haradan və necə başlamalı” sualına cavabsız yola çıxırmış. Üstəlik təcrübə və sərmayə də yox. İlk öncə bazar araşdırmasından başlayan Gülpəri Bayramova paytaxtın “Meyvəli”, “Yaşıl”, “Vasmoy” bazarlarını gəzir, “kəşfiyyat məlumatları” toplayır, nəticədə yəqin hasil edir ki, mövcud bazar şərtləri paytaxtdakı iri marketlər şəbəkəsi ilə işbirliyini qaçılmaz edir.

Bundan sonrakı fəaliyyətini məhz bu istiqamətə yönəldir və paytaxtın aparıcı marketlər şəbəkəsi ilə əməkdaşlığa başlayır. İstehsalçı-satıcı, idxalçı-satıcı marşrutu üzrə vasitəsçilik missiyasını həyata keçirən biznes-ledi bir müddət sonra “Meyvəli”də öz anbarını yaradır. Satış zəncirini, idarəetmə sistemini formalaşdırır. İdxal fəaliyyətini fermerliklə bərabər şəkildə genişləndirən Gülpəri beləcə özünün şah əsərini – “Agromix”i peşəkar səviyyəyə qaldırır. Keyfiyyətli və orqanik məhsullara üstünlük, üstün keyfiyyət fonunda münasib qiymət siyasəti onu bazarın aparıcı oyunçularından birinə çevirir. Bu gün rəhbəri olduğu şirkətdə onlarla daimi, ondan dəfələrlə artıq sayda isə mövsümi işçilər çalışır. Məhsullar idxal və istehsal nöqtələrindən anbara, oradan da satış nöqtələrinə yönəldilir. İrandan, Türkiyədən, Hollandiyadan və digər dövlətlərdən Azərbaycana meyvə-tərəvəz məhsulları idxal edən biznes-ledinin Saatlı rayonu ərazisində meyvə-tərəvəz becərilməsi ilə məşğul olan istehsal xətti də mövcuddur.

Gülpəri Bayramova biznesə qədəm qoyduğu ilk illərdən anlamağa başlayır ki, daim özü üzərində işləmədən, dəyişən bazar şərtlərini nəzərə almadan, müasir şəraitə inteqrasiya etmədən uğur qazanmaq mümkün deyil. Ölkəboyu həyata keçirilən islahatlar və bu islahatların nəticəsi olaraq biznes subyektləri ilə dövlət qurumları və ictimaiyyət arasında formalaşan yeni münasibətlər sistemi biznes-ledinin qarşısında geniş imkanlar açır. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə fəal əməkdaşlığa başlayan Gülpəri Bayramova bir çox ictimai biznes layihələrinin təşəbbüskarı olur. Sosial sahibkarlıq, xeyriyyəçilik kimi nəcib işlərdə yer alan gənc iş adamı bu günə qədər bir çox layihələrin ideya müəllifi olur. “Daha çox qazanmaq daha çox paylaşmaqdır” devizi ilə hərəkət edərək, qısa müddətdə biznes sferasının sevimli simasına çevrilir.

Bir müddət sonra isə ölkəmizin nüfuzlu iş adamları bir araya gələrək, Azərbaycan Biznes Partnyorları Klubunu (BPC) təsis edirlər. İdarə Heyətinin qərarı ilə Gülpəri Bayramova BPC-nin sədri seçilir. İş adamları arasında faydalı və qarşılıqlı münasibətlərin inkişafı, həmrəyliyin artırılması, lobbiçilik və “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə yaradılan BPC çox keçmir ki, ölkəmizin aparıcı assosiativ ticari birliklərindən birinə çevrilir. Sıraları sürətlə genişlənən BPC bu gün 100-dən artıq şirkəti kollektiv şəkildə öz ətrafında birləşdirir. Azərbaycanlı sahibkarların ABŞ-a, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Qətərə, Bosniya-Hersoqovinaya, Serbiyaya, Türkiyəyə, Rusiyaya, Qazaxıstana və digər ölkələrə səfərlərini təşkil edir. Bu səfərlərdə azərbaycanlı iş adamları ilə xarici tərəfdaşları arasında müxtəlif biznes sahələri üzrə partnyorluq müqavilərinin imzalanmasına nail olur. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın, İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edir. 

44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Laçın-Xankəndi  yolundakı ekoloji aksiyaya dəstək məqsədilə Gülpəri Bayramovanın tərəfindən ABŞ-ın Nyu-York şəhərinin mərkəzi meydanında bilbordlar yerləşdirir və Qarabağ həqiqətlərindən bəhs edən onminlərlə broşür paylanılır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilir. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edirlər. O, eyni zamanda “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülür. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.

2024-cü ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Respublikamızın tanınmış ziyalıları, elm, mədəniyyət və incəsənət xadimləri, təşkilat sədrləri, iş adamları, xaricdə yaşayan soydaşlarımız və 16 saylı seçki dairəsinin seçiciləri Gülpəri Bayramovaya dəstək çağırışları ediblər. Seçki təbliğat prosesi ölkə mətbuatında geniş işıqlandırılır. 

Gülpəri Bayramova özü də 16 saylı Yasamal ikinci seçki dairəsinin ərazisində yaşayır. Seçiciləri ilə görüşdə söylədiyi əsas fikir də budur – Biz dünən də BİRLİKdəydik, bu gün də BİRLİKdəyik, sabah da BİRLİKdə olacağıq! 

ŞÜARI - Sağlam Gənclik, Sağlam Düşüncə, Sağlam Gələcək!













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 14:40
07 sentyabr 2024, 13:27
Top