"Növbəti illərdə bəzi universitetlərin yataqxanaları boşaldılacaq" — Tələbələrə ŞAD XƏBƏR

SOSİAL 20 avqust 2024, 18:19
Yeni tədris ilinin başlaması ərəfəsində tələbələrin yataqxana problemi gündəmə gəlir. Bəzi universitetlərin yataqxanalarında uzun illərdir ki məcburi köçkünlər məskunlaşıb. “Böyük Qayıdış” a uyğun olaraq məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına köçürülür. Köç prosesi tələbə yataqxanalarının universitetlərin nəzarətinə verilməsi məsələsinin yaxınlaşdığını deməyə əsas verir. 

Məsələyə VI Çağırış Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, tələbələrin yataqxana probleminin həlli vacib məsələdir: 

“Təəssüf ki, müstəqillik illərində müharibə başlayandan sonra məcburi köçkün olan vətəndaşlarımızın bir hissəsi yataqxanalarda məskunlaşmalı oldu. Bu gün Azərbaycan təhsilinin qarşısında duran ən vacib məsələlərdən biri yataqxana məsələsinin həllidir. 

Hazırda Elm və Təhsil Nazirliyi də bu məsələnin üzərində işləyir. Artıq məcburi köçkünlərin bir hissəsi doğma yurdlarına köçürülüb, amma hələ də əksər yataqxanalarda məcburi köçkünlər yaşayır, mərhələli şəkildə köç həyata keçirilir. 

Hesab edirəm ki, bu il də olmasa növbəti illərdə bəzi universitetlərin yataqxanaları boşaldılacaq və tələbələrin istifadəsinə veriləcək. Amma nəzərə almalıyıq ki, həmin yataqxanalar yararsız vəziyyətdədir, bu da yeni binaların tikilməsini zəruri edir. Amma bu, müəyyən zaman tələb edir. 

Universitetlər mütləq yataqxanaların inşasına çalışmalıdır, çünki tələbələrin ən böyük problemlərindən biri yataqxana problemidir. 

Ümid edirik ki, bu problem yaxın illərdə həllini tapacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top