"Azərbaycan" qəzeti ödənişli təşviqata niyə qoşulmayıb?

MEDİA 09 avqust 2024, 16:22
2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası başlayıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Kampaniyasının rəsmi saytında məlumat yayımlanıb. Qeyd olunub ki, seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bəzi media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan” qəzeti, "Xalq qəzeti”, "Respublika” qəzeti və "Bakinski raboçi” qəzetində namizədlər onlara ayrılmış ödənişsiz efir vaxtından istifadə edə bilərlər. 

Bir çox media subyektləri isə namizədlərə təşviqat kampaniyası aparmaq üçün ödənişli əsaslarla imkanlar təklif edir. MSK-nın saytında bu barədə də rəsmi məlumat dərc olunub, təşviqat üçün ödənişli efir vaxtı və dərc üçün yer ayrılan media subyektlərinin siyahısı təsdiqlənib. Əldə etdiyimiz məlumata görə, “Azərbaycan” qəzetində namizədlərə ödənişsiz dərc üçün yer ayrılsa da, qəzet namizədlərə müəyyən ödəniş müqabilində platforma təklif edir. Maraqlısı budur ki, həm 2015, həm 2020-ci ildə keçirilən parlament seçkilərində ödənişli təşviqata qoşulan “Azərbaycan” qəzeti bu il MSK-ya ödənişli təşviqatla bağlı müraciət etməyib. Əvvəlki illərdə qəzetin baş redaktoru Bəxtiyar Sadıqov seçkilərə qoşulmuşdu, bu il isə yarışdan kənarda saxlanılıb. Məsələni aydınlaşdırmaq üçün Bəxtiyar Sadıqovla əlaqə saxlasaq da zənglərimiz cavabsız qaldı.     

Qeyd edək ki, qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il iyulun 28-dək) dərc etməlidirlər.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top