“Bu, Avropanın Azərbaycana qarşı qərəzli mövqeyi, Makronun riyakarlığıdır” — Millət vəkili

GÜNDƏM 08 avqust 2024, 19:59
“Qərbin ədalətsiz mövqeyini davam etdirməsinin şahidi oluruq. Nə vaxt ki, Azərbaycan məğlub vəziyyətdə idi, torpaqlarımız işğal altında idi, Qərb halımıza acıyır, Azərbaycanı müdafiə edirmiş kimi görünürdü. Lakin ATƏT-in Minsk Qrupu yaranandan sonra Qərbin də iç üzü açıldı, məlum oldu ki, burada tarix boyu türkü, azərbaycanlıları sevməyiblər və Ermənistanın ədalətsiz mövqeyinə haqq qazandırıblar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. O qeyd edib ki, Qərbin Azərbaycan xalqının başına gətirilən faciələrə münasibət bildirməməsi onun ədalətsizliyindən, ikiüzlülüyündən xəbər verir:

“Qərb dövlətləri qərbi azərbaycanlıların doğma yurdlarından qovulmasına münasibət bildirmədi, buna göz yumdu. Azərbaycan tarixi torpaqlarını geri qaytaranda Qərb ermənilər üçün göz yaşı tökdü. Ermənilər Azərbaycan torpaqlarından çıxarkən Qərb dairələri iddia etdilər ki, guya xristian abidələrini dağıtmışıq, onları da zorla Qarabağdan qovuruq, etnik təmizləmə həyata keçiririk.

Bu, Avropanın Azərbaycana qarşı qərəzli mövqeyi, Makronun riyakarlığıdır. Hamı bilir ki, Azərbaycan xalqı tarix boyu heç bir xalqa zülm etməyib, heç kimin torpağını əlindən almayıb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar ədalətsizcəsinə bildirir ki, guya ermənilər Qarabağdan zorla çıxarılıb, amma qərəzi imkan vermir desin ki, qərbi azərbaycanlılar ata yurdlarından zorla qovulublar. Amma Qərbin yalanları Azərbaycanı haqq yolundan döndərə bilməz. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan, türk dünyası güclü olmalıdır ki, gələcəkdə də böhtanlara qarşı dimdik ayaqda dursun, ikili standartlara, ədalətsiz yanaşmalara qarşı mübarizə aparsın”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 14:16
Top