Bakıda oğlan arvadının “Get contact”da kişi ilə yazışmasını tutdu — TƏFƏRRÜAT

HADİSƏ 07 avqust 2024, 14:04
Bakının Sabunçu rayonunda 1992-ci il təvəllüdlü Arif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi  məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində evlərdən birində baş verib. 

Arif yaşadığı evin həyətində arvadı Nərmin ilə mobil telefonundakı danışıq aparılmış nömrələrin kimə məxsus olmasını bildirməməsi səbəbindən qısqanclıq, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı onu anasının gözü qarşısında bıçaqla vurub.
 
Hadisəni törədən Arifin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Nərmin onun həyat yoldaşıdır: 

“Əsəbi olduğuma görə həmin hadisə qısqanclıq zəminində baş verib, yəni niyyətim Nərminin sağlamlığına ağır zərər vurmaq olmayıb. Həyat yoldaşımın telefonunda başqa nömrə var idi. Kim olduğunu soruşduqda həmin nömrənin kimə aid olduğunu bilmədiyini dedi. Həmin nömrəyə zəng vuranda, zəngə bir oğlan cavab verdi. Mübahisə yarandıqdan sonra həyat yoldaşımın anasına zəng vuraraq çağırdım. 

Daha sonra həmin hadisə baş verdi. Nərminə mətbəx bıçağı ilə xəsarət yetirdim. Bıçaq həyətdə səkinin üzərində idi. Mən Bakı İstintaq Təcridxanasında olarkən bu məsələ araşdırıldı. 

Məlum oldu ki, həmin nömrə başqasının qeydiyyatında olan zaman satışa çıxarılaraq satılıb. Həyat yoldaşımı bıçaqla vuran zaman anam da orada olub. Mənim həyat yoldaşımı vurmama imkanım olub. Sadəcə əsəbi olduğum üçün nə etdiyimi bilməmişəm. Könüllü formada polisə gedərək təslim olmuşam. Polisə bıçağı verməmişəm. Çünki həmin bıçağı yolda atmışam. Himayəmdə doqquz yaşında oğlum var. Həyat yoldaşım ilə boşanmamışam. Əvvəllər məhkum olunmamışam. Həyat yoldaşıma bıçaqla xəsarət yetirməmişdən əvvəl yoldaşımın anası və həyat yoldaşımın özü məni vurublar. Mən də əsəbiləşərək  hadisəni törətmişəm. Həyat yoldaşımla aramızda yaranmış şəxsi münasibətlər zəminində ona mətbəx bıçağı ilə xəsarət yetirmişəm. Mənim Nərminin anasına xüsusi əzab verərək onun gözü qarşısında qızını xüsusi amansızlıqla bıçaqlamaq niyyətim olmayıb. Bu barədə nə fikirləşməmişəm, nə də ağlıma belə bir şey gəlməyib”.

Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilib. 

O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ailəsiylə yaşayır, natamam orta təhsillidir, məhkumluğu yoxdur, 1 övladı var, fərdi əməklə məşğuldur: 

“Nərminlə 10 ildir ki, rəsmi nigahdayam, 9 yaşlı övladımın adı Adildir. Nərmin xəstəxanada tibb bacısı işləyir. Bu hadisəyədək bir il öncə qısqanclıq zəminində Nərmini döyərək xəsarət yetirmişəm. Bu barədə polisdə araşdırma aparılıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 11 sentyabr 2023-cü ildə yaşadığı evdə saat 21 radələrində Nərminin mobil telefonunu götürüb: 

“Nərminə məxsus telefona baxış zamanı tanımadığım, adını bilmədiyim şəxslərin mobil telefon nömrələrin gördüm. Sonra nömrələrə baxanda birinin qohumunun, digərinin isə qardaşım Elmarın həyat yoldaşının nömrəsi olmasını müəyyən etdim. Başqa bir nömrənin isə kimə məxsus olmasını Nərmindən soruşdum. Nərmində “Allah bilir” dedi. Mən də dayanaraq qibləyə Allahdan soruşası olmadığımı dedim. Sonra sualımdan yayınmağa başladı və mənə zəng vuraraq kim olmasını soruşmalı olmağımı dedi. Həmin zaman anam da orada olub. Mən Nərminin telefonundan həmin nömrəyə zəng etdim. Həmin oğlan adının Elnur olmasını, Sumqayıtda yaşamasını dedi, başqa heç nə demədi. Nərmin də heç nə demədi. Mən sonra anasını çağırtdırmaq üçün çölə çıxıb kiminsə telefonundan yığmaq istədim. Bu zaman aramızda sözlə münaqişə baş verdi. Saat 23 radələrində Nərminin anası gəldi. Mənə niyə quduz kimi baxmağını dedi. Mən də ona hadisəni danışdım, nömrə barədə ona məlumat verdim. Anası da qızının tərəfini saxladı, məni təhqir etdi. Anası isə bu barədə heç nə demədi, müdaxilə etmədi. Əksinə Nərmin isə üzərimə hücum çəkdi, məni təhqir etdi. Mən də hirslənərək evdən mətbəxdən bıçaq gətirdim və Nərminin qəsdən bıçaqla bədəninə xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra oraya gələn qardaşı onu oradan aralayıb: 

“Mən oradan qaçıb çölə çıxdım. Sonra gəzə-gəzə 14-cü polis şöbəsinə getdim. Yolda olarkən bıçağı unutduğum yerə tulladım. Yaşadığım evin həyətində yoldaşımı qəsdən vurmuşam. Hadisə 10 dəqiqə aralığında 11 sentyabr 2023-cü il tarixdə saat 22:30-da baş verib. 

Hadisənin baş verməsinin səbəbi qısqanclıq zəminində Nərminin telefonunda oğlan nömrəsi olması və anasıyla Nərminin məni təhqir etməsi olub. Bu hadisədən başqa 2 dəfə Nərminin oğlanla danışmasına görə onunla münaqişəm olub”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, təqsirləndirilən Ariflə 7 ildir ki, sözlə ailədaxili mübahisə edir, çox zaman qısqanclıq, bəzən isə onun Arifin evindən getməyinə görə münaqişə edib: 

“Son bir il ərzində məni döyməsinə görə 14-cü polis şöbəsində təhqiqat araşdırması olub, məhkəmə prosesində mən Arifi bağışlamışam, barışmışıq. Son 1 aydır ki, narkotik vasitələr qəbul edir, hər gün evdə danışır. 11 sentyabr 2023-cü ildə, saat 21 radələrində evdə olarkənArif mobil telefonumu götürdü. Sonra orada kiminsə nömrəsini taparaq "Get contact" proqramıyla iki nəfər şəxsin olmasını kim olmasını məndən soruşdu. Mən isə həmin nömrələrə zəng etməsini dedim. Mənim heç bir problemim olmadığını, heç kimlə əlaqəmin olmadığını dedim. Sonra birlikdə həyətə çıxaraq mübahisə etdim. 

Daha sonra Arif getdi. Saat 23 radələrində Arif evə qayıtdı. O zaman anam və Arifin anası da həyətdə olub, övladım evdə olub. Yenidən Arif mənimlə mübahisə etdi. Sonra çıxaraq ata evinə gedəcəyimi, ondan boşanacağımı dedim. Arif isə hirslənərək üzərimdə olan bıçaqla qəsdən sol qarın nahiyəmdən bir zərbə vurdu. Mən yerə yıxıldım, huşumu itirdim. Sonrakı hadisələri xatırlamıram. Arifin məni bıçaqlamasının səbəbi ondan rəsmi ayrılmaq istəyim və onun yersiz qısqanclığı olub. Mən heç bir kişi ilə danışıb, münasibət saxlamamışam. Arifin dedikləri yalandır”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Arif 5 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top