“Bu imtahan sertifikat almayan sürücüləri əhatə edəcək” — Nəqliyyat eksperti

GÜNDƏM 06 avqust 2024, 20:52
Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahan avqustun 25-də keçiriləcək. Bildirilib ki, imtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub. İmtahanda iştirak etmək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00dan 20 avqust saat 23:59-dək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər.

Bəs, bu imtahan kimləri əhatə edəcək? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu imtahan sertifikat almayan sürücüləri əhatə edəcək.  

Elməddin Muradlının sözlərinə görə, 50 mindən artıq sürücü sertifikat almayıb ki, bu məlumatı aldıqdan sonra yəqin, müraciət edəcəklər:

“Bu imtahan sertifikat almış sürücülərə aid deyil. Növbəti mərhələdə imtahan verməli olan, prosedurları keçməyən sürücülər var ki, onlar bu prosesə cəlb olunacaqlar. Nəzərə almaq lazımdır ki, indiyə qədər Bakıda 70 minə yaxın taksi sürücüsü vardı. Onun hardasa 24 mini imtahan verdi və 12 -13 mini bütün sənədlərini alıb indi rəsmi taksi sürücüsü kimi fəaliyyət göstərir. Yəni 50 mindən artıq sürücü imtahana girməyib və sertifikat almayıb. Ona görə də yerdə qalan 50 minə yaxın sürücüdən kimlər maşını dəyişə biləcək, tibbi arayışından arxayındır, narkoman deyil və digər başqa problemləri ortaya çıxmayacaqsa, bu kimi prosedurları keçəndən sonra sertifikatı alıb fəaliyyət göstərə biləcəklər. 50 min sürücü hələ də sertifikat almayıb və bu imtahanlar onları əhatə edəcək. Hələki, 1800 nəfər imtahan vermək üçün müraciət edib. Artıq bu gün məlumat açıqlandı. Yəqin ki, sürücülük fəaliyyətini bərpa etmək istəyənlər yavaş-yavaş xəbərdar olub müraciət edəcəklər. 

Dövlət deyir ki, bu qaydalar çərçivəsində, imtahanı keç, sertifikatını al. Bunun üçün sağlamlıq arayışı gətir, avtomabilinin ili təzə olsun, digər sənədlərin qaydasında olsun. Bu mərhələni keçmək istəməyən insanları da kimsə məcbur edə bilməz. Düzdü, indi elə insanlar var ki, imkanı çatmır, maşınını dəyişə bilmir. Onlara da biz təklif edirik ki, dövlət hansısa formada ucuz qiymətə avtomobillərin gətirilməsi və aylıq ödəniş ayırmaqla bu bazarı hansısa formada tənzimləsinlər. Taksi parkının həm yeni avtomobillərdən, həm də peşəkarlardan təşkil olunmasını təmin etmək lazımdır. Elə peşəkar sürücülər var ki, maddi imkanı çatmır və avtomobilini yeniləyə bilmir. Təəssüf ki, onlar da kənarda qaldı. Sözsüz ki, bu onların sosial vəziyyətinə təsir göstərir. Hər bir halda dövlət bu məsələlərdə sadəcə qanununun tələblərini önə çəkir. Amma bu vətəndaşları da hansısa bir formada düşünmək lazımdır. Ola bilsin növbəti mərhələlərdə bunu nəzərə alarlar və hansısa addım atarlar. Hal-hazırda bununla bağlı heç bir addım atılmayıb. Ümumi vəziyyət onda ibarətdir ki, dövlət qoyduğu qaydaları icra etməyə çalışır. Planda başqa bir güzəşt edilmir”. 

Əfsanə Rəcəb 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top