“Daha çox təbliğ olunanlar insanların həyat tərzinə çevrilir” — Psixoloq

GÜNDƏM 05 avqust 2024, 13:57
Bildiyimiz kimi, Paris 2024 Olimpiya Oyunlarının açılış mərasimi biabırçı görüntülərlə yadda qaldı. Lakin oyunlara maraqlı iştirakçılar öz damğasını vurdu. Olimpiya oyunlarında gümüş medal qazanan türkiyəli iştirakçı Yusuf Dikeç atıcılıq tərzinə görə dünya gündəminə düşdü. Belə ki, Dikeçin yarışma zamanı ikonlaşan duruşu sosial mediada səs-küyə səbəb oldu. Dünyanın müxtəlif ölkələrindən olan qadınlar Dikeçə eşq elan etdilər. Dikeçin özündənəmin duruş tərzi qadınların cəsarətli, iradəli, təmkinli və ağıllı kişiləri bəyəndiyini göstərdi. Halbuki, dünyada bir metroseksual kişi modeli sürətlə yayılmaqda idi. Paris 2024 Olimpiya Oyunlarının açılış mərasimindəki biabırçı görüntülərdən və aparılan təbliğatdan sonra türkiyəli iştirakçının əfsanəvi pozası sanki onlara bir cavab oldu. 

Ümumiyyətlə, müasir dövrdə kişilərə və qadınlara aşılanan yeni dırnaqarası dəyərlər alışdığımız obrazları dəyişdirdi. Halbuki, Dikeçin obrazı bu gün, müasir cəmiyyətimizdə qadınlar tərəfindən daha çox bəyənildi. Bəlkə də onun obrazını bəyənən kişilər gələcəkdə bu cür xarakterə sahib olmaq istəyəcəklər. 

Ümumiyyətlə, hər bir insanın xarakterinə ailəsinin, ətrafının və cəmiyyətin təsirini nəzərə alsaq, bunun olmaq istədiyimiz şəxsdə, bəyəndiyimiz kişi və qadın obrazlarında özünü göstərəcəyini deyə bilərik? 

Bəs, bu gün dünyada aparılan təbliğat belə davam etsə, qadınların bəyəndikləri kişi obrazları da zamanla dəyişə bilər? 


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, yaşadığımız əsrdə niyyətlər istəklərlə əvəzlənsə də, yenə də qadınların kişilərə, kişilərin də qadınlara niyyətləri eynidir.

Rövşən Nəcəfov qeyd edib ki, daha çox nə təbliğ olunursa, o da insanların həyat tərzinə çevrilir: 

“İnsan heç nəyi instikt olaraq ifadə etmir. İnsan nəyi öyrənirsə, onu da ifadə edir. Mühit ona nəyi verirsə, ona uyğun davranış sərgiləyir. İnsanlar təbiətdən qopmasaydılar fərqli mənzərə ilə qarşılaşardıq. Dəyişməyən insanın ehtirası və etirazıdır. Ənənəvi münasibətlərdən danışdığımız zaman kişi və qadının cəmiyyətdə rolunun hansı mövqedə olduğunu aydın ifadə etmək olur. Kişinin nə istədiyini, qadının nə istəmədiyini müəyyən etmiş oluruq. Ənənəvi olan anlayışlar tarixi əhəmiyyət daşıyır. Dünya dəyişdikcə ənənələr də dəyişir. Tarix keçmiş olduğu üçün zamanla uyğunlaşa bilmir. Təhsil və mədəniyyətin inkişaf mərhələsində adətlər yoxa çıxmağa başlayır. Ətrafda baş verən bütün hadisələr qadın və kişi münasibətlərinə də öz təsirini göstərir. Psixoloji aspektdən baxdığımız zaman görürük ki, şərtlər dəyişib. Maddiyyat insanların bir-birinə sevgisini maraqlar üzərində formalaşdırır. Saf sevgi dediyimiz ifadə var idi. Sonuncu dəfə bu ifadəni eşitdiyimizi xatırlamırıq. Ehtiras əvvəl sevginin içində idi, indi ehtiras müstəqil anlayışdır. İnsanlar mənəvi niyyətlərini maddi niyyətləri ilə əvəzləyiblər. Dəyişikliyə qarşı qınamaq və qərəz ifadə olunmamalıdır.
Zövqlər və istəklər düşüncə ilə formalaşmır. Gözlər hara baxırsa, insanın niyyəti orda formalaşır. İnsanın nitq və davranışları mühitə bağlıdır, mühitdən asılıdır. Bu gün mühit dünyadır. Rəqəmsal platformalar mühiti dünyalaşdırdı. Daha çox təbliğ olunanlar insanların həyat tərzinə çevrilir. İnsanlar düşüncənin sərhədsiz düşüncəsizliyi ilə üzləşirlər. İnformasiyalar hər gün dəyişir və dəyişən informasiyalar əhəmiyyətini itirir. İnsanlar münasibətlərini rəqəmsal dünyada tənzimləməyə çalışır. Kişi və qadın arasında sevgi də rəqəmsallaşıb. Sosial rolunu dərk edən insanlar həyatı niyə yaşadıqlarını bilirlər. Qarşı cinsə münasibətlərini hiss etdikləri ilə ifadə edirlər. Qadınların kişilərə, kişilərin də qadınları niyyətləri eynidir. Yaşadığımız əsrdə niyyətlər istəklərlə əvəzlənib. Niyyət ifadə olunmur, amma istəklər ifadə olunur. Kişi obrazı dəyişdiyi qədər qadın obrazı da dəyişib. Qəbul etməliyik ki, heç kim əvvəlki kimi olmayacaq.

Qadınlar güclü kişiləri sevirlər. Kişilər də güclərinə inanan qadınları sevirlər. Qadın kişinin var olmağa münasibətidir. Dünyanı qarşısına almış kişi obrazı yaratmaq üçün qadının dəstəyi olmalıdır. Kişilərin ənənəvi obrazdan çıxması qadınların baxdığı nöqtədədir. Kişilər qadınlara görə dəyişirlər. Amma qadınlar qadınlara görə dəyişirlər. Metroseksual baxış formalaşmış olsa da, kişi və qadının cəmiyyətdə rolu ənənəvidir. Metroseksuallıq düşüncə dəyişikliyi deyil, kosmetik dəyişiklikdir. Fərqlilik və müasirlik metroseksuallıq baxış bucağını formalaşdırmır. 21-ci əsrdə bir çox anlayışlar kimi metroseksuallıq anlayışı da formasını dəyişib. Forma hər zaman mahiyyəti gizlədə bilir. İnsanlar biliyi ancaq gözləri ilə alırlar. Düşüncəsi kor olan insanlar gördüyü hər şeyin həqiqət olduğunu düşünürlər. İnsanlar bəzən qulaqları ilə görürlər. Müzakirəsiz həqiqət olmur. Tənqidsiz güc olmur. Fikir yekunlaşmadığı halda nöqtə qoymaq olmaz. Dünyanın gəldiyi nöqtədə və ya başladığı nöqtədəyik”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top