Gənclərin fiziki sağlamlığı üçün idmanın inkişafı prioritetlər sırasındadır

GÜNDƏM 03 avqust 2024, 18:58
Azərbaycanda idmana qayğı yüksək səviyyədədir. Ölkəmiz mötəbər idman yarışlarına ev sahibliyi edir. Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula1 Azərbaycan Qran Prisi paytaxt Bakının ev sahibliyi etdiyi ən mötəbər idman tədbirlərindəndir. Bu əlamətdar hadisələr ölkəmizin dünyada tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin dünya ölkələri arasında nüfuzu yüksəlir, mədəniyyətimiz, musiqimiz, milli mətbəximiz, tarixi abidələrimiz təbliğ olunur, rəğbət görür. Bunun sayəsində ölkəyə turist axını da artır, xarici qonaqlar paytaxtın gözəlliyinə hər keçən gün daha çox heyranlıq duyurlar. Müstəqillik qazandıqdan sonra idman sahəsi dövlətin diqqəti və qayğısı ilə əhatə olunan sahələrdən birinə çevrilib. Nəinki paytaxtda, eləcə də bölgələrimizdə tikilib istifadəyə verilən müasir idman kompleksləri, stadionlar, idman məktəbləri, eləcə də yeni tikilən və ya təmir olunan orta məktəblərin müasir idman avadanlıqları ilə təmin olunması bunun təsdiqidir. Son illərdə tikilmiş Milli Gimnastika Arenası, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Bakı Su İdmanı Sarayı paytaxtın gözəlliyinə gözəllik qatıb,  xüsusi memarlıq üslubu bəxş edib. İdmanın inkişafının prioritetlərdən olduğu ölkəmizin beynəlxalq arenalarda qazandığı qalibiyyətlərdə də özünü göstərir. Azərbaycan son illərdə mötəbər idman yarışlarında, olimpiadalarda uğurla təmsil olunur. İdmançılarımızın gərgin mübarizəsi nəticəsində himnimiz müxtəlif arenalarda səslənir, üçrəngli bayrağımız dalğalanır. Parisdə keçirilən Yay Olimpiya Oyunlarında da Azərbaycan uğurlu nəticələr göstərməkdədir. Ölkəmiz medal sıralamasında 18-ci pillədə qərarlaşıb. Cüdo üzrə Hidayət Heydərov və Zelim Kotsoyevin fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivinə 2 qızıl medal yazdırıb. 



Millət vəkili Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılan ilk nazirlik Gənclər və İdman Nazirliyi oldu:    


 “Bu, ulu öndərin Azərbaycan gəncliyinə, gənclərin fiziki sağlamlığına, gnefondumuzun möhkəm özüllər üzərində qurulması və inkişafına önəm verməsi idi. Ulu öndər gözəl bilirdi ki, gəncliyin məhv edilməsi xalqın məhv olmasına gətirib çıxara bilər, zərərli vərdişlərə meyillənmək xalqı da zəhərləyə bilər. Bunların qarşısını almaq üçün ulu öndər gəncliyə diqqət və qayğı, o cümlədən idman sahəsinin inkişaf etdirilməsi siyasətinin təməlini qoydu. Cənab İlham Əliyevin 1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi isə ölkədə idmanın sürətli inkişafına, Azərbaycan idmançılarının dünya arenalarında ölkəmizi şərəflə təmsil etmələrinə töhfə vermiş oldu. Paralel olaraq ölkəmizdə idman infrastrukturunun formalaşdırılması, gəncliyə aid dövlət proqramlarının, qanunvericliyin qəbul edilməsi, eyni zamanda gənclərin həm ideya, həm sağlam, azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi əsas hədəfə çevmişdi. Görülən işlər qısa zamanda nəticəsini verdi. İdmançılarımız olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında uğurlu nəticələr əldə etməyə başladılar. Azərbaycan artıq idman ölkəsi kimi tanınır, dünya səviyyəli idman yarışlarının keçirildiyi məkana çevrilir. Bu tədbirlər yüksək səviyyədə təşkil olunur, bunun üçün peşəkar kadrlar formalaşdırılır. Son illərdə bölgələrdə də idman inkişaf edir, müasir idman mərkəzləri yaradılır. Paris Yay Olimpiya oyunlarında qazandığımız qələbələr Azərbaycan idmanının növbəti nailiyyətidir. İnanırıq ki, iki çempionumuzun sırasına digərləri də qoşulacaq. Bu gün inkişaf edən, güclənən müstəqil və suveren Azərbaycan dövlətinin prioritetləri sırasında idman vacib yeri tutur”.

Millət vəkili Fazil Mustafa isə sayta açıqlamasında bildirib ki, bölgələrdə idman kompleksləri tikilsə də onlardan istifadə faizi elə də yüksək deyil:


“Olimpiadalardakı uğurlarımızda sistemliliyi təmin etmək üçün ortan məktəb illərindən uşaqlara sağlam idman vərdişləri qazandırmalıyıq. Məktəblərdə idman infrastrukturu yüksək səviyyədə qurulmalıdır. Üzgüçülük hovuzları tikilməlidir, ən az 3 məktəbin bir üzgüçülük hovuzu olmalıdır ki, məktəblilər üzmək vərdişləri qazansınlar. Basketbol, futbol, voleybol meydançaları olmalıdır. Biz ayrı-ayrı özünü inkişaf etdirən gənclərin fərdi uğurları üzərində gələcəyimizi qura bilmərik. Ölkədə idman hərəkatı başladılmalıdır. İdman sahəsində idmandan anlayışı olan insanlar, peşəkarlar çalışmalıdır, təsadüfi adamlar deyil”.

Törə Zeynallı
Demokrat.az  

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində hazırlanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top