“40 milyon azərbaycanlının dili və mədəniyyətinə qoyulan qadağalar məhz bu siyasətə xidmət edir” — Güneyli politoloq

SİYASƏT 01 avqust 2024, 17:27
“İran fars dövlətinin quruluş fəlsəfəsi İran adlanan siyasi coğrafiyada qeyri-fars millətlərinin milli kimliyini yox edərək homogen kimlik ortaya çıxarmaqdır. Məqsəd farsca danışan, farsca düşünən, fars mədəniyyətinə bağlı olan, farsların inanc və ideallarına inanan bir toplum yaratmaqdır. Təbii olaraq bunun üçün qeyri-fars millətlərin milli kimliyini birləşdirən amillərin ortadan qaldırılması zəruri şərtdir. İran adlanan coğrafiyada 40 milyon azərbaycanlının dili və mədəniyyətinə qoyulan qadağalar məhz bu siyasətə xidmət edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında güneyli politoloq Çingiz Göytürk deyib. Onun fikrincə, ana dilimizin qorunması milli dirəniş hərəkatının sütunlarından birinə çevrilməlidir: 

“Dil, mədəniyyət, tarix uğrunda mübarizəmizi amal və ideallar uğrunda mübarizə ilə birləşdirərək milli varlığımızı qorumalıyıq. 

Bu gün  İranda gündəmdə olan məsələlərdən biri Konstitusiyanın 15-ci maddəsinin icrasıdır. Bu maddə ana dilində təhsil hüququ ilə bağlıdır. Bu maddəyə görə İran xalqının ortaq və rəsmi dili və əlifbası farscadır. Bütün rəsmi yazışmalar və dərsliklər bu dildə və əlifbada olmalıdır. Ancaq yerli dillərin mətbuatda istifadə edilməsi və onların ədəbiyyatının öyrənilməsi sərbəstdir. Biz güney azərbaycanlılar olaraq dil və mədəniyyət uğrunda mübarizəmizi Azərbaycan dövləti uğrunda mübarizə ilə birləşdirərək öz milli varlığımızı qorumalı, bizə yeridilən yalançı alternativlərdən uzaq durmalıyıq”.

Törə Zeynallı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top