Kredit faizləri azalacaq? — İqtisadçı AÇIQLADI

İQTİSADİYYAT 01 avqust 2024, 16:18
“Uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır. 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də porses artıq stabilləşmə fazasına daxil olub”.

Bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaratsa da inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdə dəyişikliklər ilə bağlıdır. Bu isə, illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaratsa da belə göstəricidə dəyişikliklərə səbəb ola bilər.

Uçot dərəcəsinin endirilməsi kredit faizlərinə də təsir edəcəkmi?

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bu məqama aydınlıq gətirib:



“Qlobal iqtisadiyyatda inflyasiya meyillərinin səngiməsindən sonra Mərkəzi Bank da sərt manitar siyasəti dəyişərək daha ehtiyatlı yanaşma sərgiləməkdədir. Hazırda uçot dərəcəsinin stabil saxlanılması makro-iqtisadi tarazlığın qorunmasına xidmət edir. Azərbaycanda uçot dərəcəsi ilə bağlı verilmiş qərarlar nə kredit faizlərinə, nə də depozit faizlərinə əsaslı şəkildə təsir göstərir, qarşıdakı dönəmdə də bu, real görünmür. Ümumiyyətlə Azərbaycanda kommersiya banklarının maliyyə göstəriciləri, ələxsus da kredit portfelinin depozit portfelinə olan nisbəti imkan verir ki, uçot dərəcəsi kredit və depozit faizlərinə təsir göstərməsin”.

Qeyd edək ki, Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar bu gündən qüvvəyə minib.

Törə Zeynallı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top