Daşkəsəndə 16 yaşlı oğlan anasını söyən dostuna xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 25 iyul 2024, 17:35
Daşkəsən rayonunda 2008-ci il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Zülfüqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Namiq Zülfüqar ilə 7 dekabr 2022-ci ildə Daşkəsən şəhəri, Babək küçəsində fəaliyyət göstərən “Anarın çayxanası” adlanan obyektdə kupelərdən birində əyləşərək mobil telefon vasitəsilə “Free Fire” adlı mobil tətbiqdə onlayn oyun oynayıb. 

Bu zaman Namiq Zülfüqarın onun anasının ünvanına söyüş söydüyünü düşündüyü üçün onunla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, həmin tarixdə saat 17 radələrində sözügedən çayxanın qarşısında sifət nahiyəsinə qəsdən bir dəfə şillə zərbəsi endirib. Sonra qəsdən güləş fəndi ilə sol yanı üstə yerə yıxaraq Zülfüqara xəsarətlər yetirib. 

Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Zülfüqarı tanıyır, münasibəti yaxşı olub: “7 dekabr 2022-ci ildə yaşadığım evdə olan zaman tanışım Samir “Votsap” mobil tətbiqi vasitəsilə zəng edərək görüşməyi təklif etdi. Mən yaşadığım evdən bir qədər aralıda Samirlə görüşdüm. Bundan sonra onunla birlikdə Anar adlı şəxsin işlətdiyi Daşkəsən şəhəri, Babək küçəsində yerləşən çayxanaya yollandıq. Çayxanaya daxil olan zaman Cabir də çayxanada olub. Biz birlikdə kupelərdən birinə daxil olaraq orada çay içdik. Həmin vaxt bizim əyləşdiyimiz kupeyə Zülgüqar da daxil oldu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlar mobil telefonda “Free Fire” adlanan mobil tətbiqdə oyun oynamağa başlayıblar: “Təxminən 1 saat ərzində oyun oynadıqdan sonra evə getmək qərarına gəldim. Bu səbəbdən çayxanadan çölə çıxdım. Çayxanadan bir qədər getmiş Zülfüqar ünvanıma ana söyüşü söydüyünü eşitdim. Mən bu zaman Zülfüqara əsəbləşdiyim üçün qaçaraq ona tərəf irəlilədim. Zülfüqara çatdıqda şillə ilə onun sifət nahiyəsinə zərbə endirdim. Zərbənin təsirindən Zülfüqar geriyə doğru səndələdi. Bundan sonra Zülfüqarı sol yanı üstə yerə yıxdım. Zülfüqar ağladığı üçün oradan qaçaraq yaşadığım evə tərəf getdim”. 

Namiq deyib ki, həmin vaxtı uzaqdan Zülfüqarın nənəsi Nərminənin gəldiyini görüb: “Evdə olan zaman Zülfüqar və nənəsi yaşadığım evə gələrək valideynlərim ilə danışdı. Daha sonra isə rayon polis şöbəsinə gedərək barəmdə şikayət etdilər. Mən Zülfüqarı döyməmişdən əvvəl heç kim mənə onun anama söyüş etdiyini deməyib. Sadəcə olaraq Zülfüqarın anamın ünvanına söyüş söydüyünü düşünmüşəm”.

İş üzrə zərərçəkmiş Zülfüqarın sözlərinə görə, döyülməyi barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat verən Nərminə nənəsi, o cümlədən iş üzrə qanuni nümayəndəsi Nigar isə doğma anasıdır: “Nigar xeyli müddət əvvəl Səlim ilə evləndikdən sonra Bakı şəhərinə köçərək orada yaşamağa davam edib. Mən isə uşaqlıqdan nənəm ilə birlikdə yaşayıram. Anam Bakı şəhərində yaşadığından nənəm etibarnamə verərək iş üzrə qanuni nümayəndəm olmasını istəyib. Təqsirləndirilən Namiqi tanıyıram, münasibətim onunla yaxşı olub. Namiqin danışmağında qüsurlar var. Namiq danışan zaman cümləni tam qura bilmir”.

Zərərçəkmiş qeyd edib ki, dekabrın 7-də Daşkəsən şəhərində fəaliyyət göstərən Anar adlı şəxsin işlətdiyi çayxananın içərisində kupelərdən birində oturaraq mobil telefonda “free fire” oyunu oynayarkən Namiq də onun olduğu kupeyə daxil olub, birlikdə həmin oyunu oynamağa başlayıblar:

“Oyunu bitirdikdən sonra oturduğum kupedən çölə çıxdım. Həmin gün saat 17 radələrində çayxananın qarşısında olarkən Namiq arxam ilə gəldi. Heç bir səbəb olmadan şillə ilə baş nahiyəmə zərbə endirdi. Daha sonra əlləri ilə boğaz nahiyəmdən tutaraq məni boğdu. Mən Namiqin nə üçün belə etdiyini anlaya bilmədim”. 

Zülfüqarın sözlərinə görə, daha sonra Namiq ona güləş fəndi işlədərək sol yanı üstə yerə çırpıb, yerə yıxıldıqda huşunu itirib: “Həmin vaxtı kənarda Samir ilə Cabirin dayandırqlarını, lakin bizə tərəf yaxınlaşmayaraq oradan uzaqlaşdıqlarını gördüm. Həmçinin Namiq də yanımdan uzaqlaşdı. Mən çətinliklə ayağa durdum. Bu zaman sol qolumda kəskin ağrı hiss etdim. Həmin vaxt nənəm yanıma gəldi. Məndən nə baş verdiyini soruşdu. Nənəmə Namiq adlı şəxsin heç bir səbəb olmadan məni döydüyünü dedim. Bundan sonra nənəm ilə birlikdə Namiq adlı şəxsin evinə yollandıq.

Evin qarşısına çatdıqda Namiqin anası qarşımıza çıxdı. Nənəm baş verənləri Namiqin anasına dedi. Bundan sonra nənəm Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat verdi”. 

Bu cinayət işinə Daşkəsən Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Namiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top