Gecəyarı 34 yaşlı oğlan həmcinsinə cinsi əlaqədə olmağı təklif etdi, sonra isə... — MƏHKƏMƏ

KRİMİNAL 06 sentyabr 2024, 13:14
Bakıda 1990-ci il təvəllüdlü Lerik rayon sakini Camal ona cinsi əlaqədə olmağı təklif edən həmcinsi Əkbəri (adlar şərti göstərilib – red.) bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 14-də, gecə saat 1 radələrində baş verib. Camal Əkbərin ona yaxınlaşaraq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etməsini cüzi səbəb kimi bəhanə gətirib və onu üzərindəki cib bıçağı ilə vurub. 

Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 13-də rayondan Bakı şəhərinə gəlib: “20 Yanvar metrostansiyasının yaxınlığında telefonla danışan zaman iş üzrə zərərçəkmiş Əkbər mənə yaxınlaşdı və cinsi əlaqədə olma ilə müəyyən təkliflər etdi. Mən ona məndən  uzaq durmasını, onun axtardığı şəxs olmadığımı bildirdim. Lakin Əkbər məndən əl çəkmədiyi üçün  əvvəldən üzərimdə gəzdirdiyim bıçaqla ona bir dəfə zərbə vurdum”.

Təqsirləndirilən şəxs bildirib ki, 2-3 dəfə Əkbərdən ondan uzaq olmasını bildirib: “Lakin Əkbər məni anlamadı. Daha sonra Əkbərin çantasından nə isə çıxardığını gördüm. Mənim əsəblərim ilə bağlı problemlərim olduğundan, ətrafda insanlar çox olduğundan Əkbəri qaranlıq yerə apararaq onu vurdum. Əkbər mənə əxlaqsız təklif etdiyindən və məni təhqir etdiyindən əsəbləşmişəm. Ətrafda insan kütləsi çox olduğuna görə onu qaranlıq yerə aparmışam, orada vurmuşam. Daha sonra isə özüm polisə təslim olmuşam. Mənim Əkbəri vurduğumu yerdə heç kim olmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əkbərin sözlərinə görə,  hadisənin baş verdiyi gün işdən çıxıb və metronun çıxışında dayanıb: “Həmin vaxt təqsirləndirilən Camalın əlində telefon olub. O, telefonla danışan zaman birbaşa mənə baxdı. Mən də ona baxdım. O, əlində telefonla məni başı ilə yanına çağırdı. Mən də ona yaxınlaşdım. Təqsirləndirilən şəxslə salamlaşdım və məni özünün çağırdığı halda telefonla danışmağa davam etməsi ilə bağlı ona narazılıq etdim. Daha sonra təqsirləndirilən şəxs telefonu aşağı saldı. Mən də ondan nə istədiyini soruşdum. Camal mənə cinsi əlaqədə olmağı təklif etdi və evimin olub-olmadığını soruşdu. Mən də evin bura nə dəxlisi olduğunu soruşdum. Mənim bu sözümdən sonra Camal acıqlı şəkildə məndən uzaqlaşaraq getdi. Mən də 2 dəqiqə orada qaldım. Daha sonra üzü yuxarı, evə doğru hərəkət etdim”.

Zərərçəkmiş qeyd edib ki, bu zaman Camalın əks istiqamətdən ona doğru gəldiyini görüb: “Camal mənə ara küçəyə keçməyi təklif etdi. Biz birlikdə hərəkət etməyə başladıq. Biz tam ünvana çatanda Camal şəxs sağa və sola baxdı. Daha sonra isə üzünü mənə tərəf çevirərək bıçaqla zərbə vurdu. Mən əvvəlcə bıçaqla vurulduğumu anlamadım. Daha sonra köynəyimi qaldıranda qan axdığını gördüm. Camal məni vurandan sonra qaçdı. Mən də yaralı vəziyyətdə dayanacaq tərəfə getdim. Orada Camalın qarşı tərəfdən mənə baxdığını gördüm. Camal qaçdıqdan sonra taksiyə əyləşərək xəstəxanaya getdim”.

Zərərçəkmiş bildirib ki, Camal onu tamamilə səbəbsiz yerə vurub: “Mən Camalın əlində heç bir predmet görməmişəm. Ara küçə ilə gedən zaman aramızda heç bir mübahisə olmayıb. Cinsi əlaqədə olmaqla bağlı təklifi ilk olaraq Camal özü etdi. Mən isə heç bir cavab vermədim. Yol gedən zaman aramızda müəyyən danışıq olub. Lakin nə haqqında danışdığımızı xatırlamıram. Mən bıçaqlanmağımın səbəbini hələ də bilmirəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Camal 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top