COP29-a vətəndaş cəmiyyətinin töhfəsi artır — QHT-lər üçün müsabiqə

GÜNDƏM 16 iyul 2024, 14:19
 Qeyri-hökumət təşkilatları üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi elan olunub. Layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə həyata keçirilir. Müsabiqəyə təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli qeyd edib ki, Azərbaycan BMT-nin Qlobal İqlim Dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə beynəlxalq təşəbbüslərə dəstək verir.

O, Demokrat.az-a açıqlamasında  Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədində 5 əsas istiqamətdən birinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olduğunu xatırladıb:

“Yəni yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl enerji” məkanının yaradılması əsas məqsəd müəyyən edilib. Son illərdə ölkəmiz tərəfindən istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, bərpa olunan enerjiyə keçid istiqamətində önəmli addımlar atılıb. Azərbaycanda iqlim dəyişikliklərinin fəsadları ilə bağlı aparılan işlər beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan hökuməti 3 bölgəni – Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-nı “yaşıl enerji” zonası elan edib. İqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi bir neçə öhdəlik götürmüşük. 2030-cu ilin istilik effekti yaradan qazların emissiyalarının 35, 2050-ci ilə qədər 40 faiz azaldılması hədəf kimi götürülüb. Eyni zamanda, “yaşıl enerji”yə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər qaldırılması hədəflənib”.

Ekspert bildirib ki, “yaşıl gündəliy”ə uyğun olaraq ölkədə geniş miqyasda ağacəkmə aksiyaları keçirilir:

“Paytaxt Bakıda və digər iri şəhərlərdə ekoloji təmiz nəqliyyata keçid istiqamətində önəmli addımlar atılıb. Ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin sayı artıb. Payıza qədər paytaxt nəqliyyatında elektriklə çalışan avtobusları görəcəyik. Ətraf mühitin sağlamlaşdırılması gündəminə uyğun addımlar davam edir. Belə bir ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edib. Hesab edirəm ki, zamanında verilmiş qərardır” .

Müsahibin fikrincə, bu müsabiqənin elan olunması görülən işlərə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq üçün böyük fürsət yaradacaq:

“Müsabiqədə xarici partnyor qeyri-hökumət təşkilatlarının iştirakına şəraitin yaradılması olduqca mühümdür və vacibdir. Azərbaycanın bərpa olunan enerjiyə keçid, ətraf mühitin sağlamlaşdırılması istiqamətində əldə etdiyi uğurların həm yerli, həm də xarici auditoriyada təşviqinə ehtiyac var. Sözügedən müsabiqənin bu işə böyük töhfə olacağını düşünürəm. Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması bütün dünyanın gündəminə çevrilməlidir. Bunun üçün geniş miqyasda maarifləndirmə və məlumatlandırma işlərinin təşkili zəruridir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top