Qərb dairələrinin intensiv şəkildə Çin ilə bağlı bəyanatları nə ilə bağlıdır? — AÇIQLAMA

GÜNDƏM 13 iyul 2024, 15:32
NATO-nun 75-ci Yubiley Zirvə Toplantısında Çin ilk dəfə olaraq Rusiyaya Ukraynadakı müharibədə istifadə edilmək üçün silah verməkdə ittiham edilib. NATO-nun baş katibi Yens Stoltenberq çıxışında Çinin Rusiyaya Ukraynaya hücum etmək üçün raketlər, bombalar, təyyarələr və təyyarələr istehsal etməyə imkan verən avadanlıq və resurslarla təmin etdiyini bildirib. Çin Ukraynada davam edən müharibədə Rusiyanın “qətiyyətli dəstəkçisi” olaraq təyin olunub və “məcburi siyasətlərinin NATO-nun maraqlarını, təhlükəsizliyini və dəyərlərini təhdid etməyə davam etdiyi” ifadə edilib. 

Bəs, NATO ölkələri dünyanın bölünməsi istiqamətində Çinə qarşı hansı istiqamətdə maneələr yarada bilər? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, Rusiya ilə münasibətlərin kəskinləşməsi, Ukraynada savaş, əslində yeni bir dünya düzəninin qurulması uğrunda gedən bir rəqabətdir. 

Oqtay Qasımlı qeyd edib ki, son bir neçə ayda Qərb dairələrində intensiv şəkildə Çinin Rusiyaya aktiv dəstək verdiyinə dair fikirlər səslənməkdədir:

“Soyuq savaş başa çatandan sonra 1991-ci ildə dünyada bir qütblü dünya düzəni yaranmışdı və o düzənin qlobal liderliyini ABŞ və onun müttəfiqləri həyata keçirdirdi. ABŞ kollektivi deyəndə ABŞ, Avropa İttifaqı, NATO və digər Avropa təsisatlarını nəzərə alırıq. Hansı ki, bunlar NATO üzvləri olan ölkələrdi. Təbii ki, bu proses son 10 illikdə həm Çin, həm Rusiya, həm digər dövlətlər tərəfindən müəyyən narazılıqlarla qarşılanır. 

Məhz ABŞ və kollektiv Qərb mövcud düzənin davam etməsində maraqlıdırlar. Hesab edirlər ki, bu düzən daha ədalətli bir düzəndir və Amerikanın, Qərbin hegemonluğu ilə dünya idarə olunmalıdır. Son 10 ildə dünyada iqtisadi gücə çevrilən və sürətlə inkişaf edən Çin iqtisadiyyatı ilə bərabər eyni zamanda hərbi və siyasi gücü də artırmaqdadır. Artıq Qərbə qarşı yeni bir güc mərkəzi formalaşmaqdadır. Təbii ki, bunun hələki konturları görünür. Bəzi ekspertlər BRİKS-i alternativ güc olaraq göstərməyə çalışırlar. Bununla razı deyiləm. Beləki, BRİKS tamamilə fərqli bir formatdır. Rusiya-Ukrayna savaşı başlayandan sonra Çinin tutduğu mövqe Qərbi heç də məmnun etmir. Beləki, Çin açıq şəkildə Ukraynaya qarşı olan hücumu pisləməyib. Çinin keçən il Ukrayna savaşı ilə bağlı sülh təklifində, Ukraynanın ərazi bütövlüyü ilə bağlı birmənalı ifadələrə rast gəlmədik. 

Rusiya 2 il yarımlıq müddətdə açıq şəkildə Şimali Koreya və İrandan hərbi dəstək aldı. Eyni zamanda siyasi dəstək də Çin tərəfindən verildi.  Nəzərə alsaq ki, savaş başlayandan sonra Rusiya prezidenti ilə Çin rəhbəri qarşılıqlı görüşlər keçirib və bir çox məsələləri müzakirə ediblər. Hazırki vəziyyət bundan ibarətdir ki, Çin faktiki olaraq Rusiyanı özünün geopolitik maraqlarına, kiçik ortağına çevirə bilib. Çinin tutduğu bu mövqe təbii ki, Ukrayana savaşında vəziyyətin kifayət qədər uzadılmasına gətirib çıxarır. 

Çinin dəstəyi ilə bağlı konkret məlumatlar olmasa da, Çinin verdiyi bir çox texnoloji yardımlar Rusiya hərbi sənayesi və savaşın dava etdirməsinə şərait yaradır. Son dövrlər Çin və Belarus hərbçilərinin təlimləri də NATO-da kifayər qədər narazılıq yaradır. Stoltenberq onu da qeyd etdi ki, artıq Çin NATO sərhədlərinə gəlib. NATO da bu əks cavablar hazırlayır. Təsadüfi deyil ki, Yaponiya, Tayvan, Cənubi Koreya və digər uzaq Şərq ölkələrinin bir qismi NATO-nun üvzu olmayan yaxın tərəfdaşları siyahısına salınıb. Onların NATO müttəfiqləri sırasında görünməsi, Çin və onun ətrafında olacaq bloka bir cavab ola bilər”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top