“ABŞ sülh istəyirsə, Ermənistana təzyiq etməlidir” — Politoloq

XARİCİ SİYASƏT 11 iyul 2024, 17:30
“ABŞ-də keçirilən NATO Zirvə toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı Vaşinqton üçün bir fürsət kimi dəyərləndirildi. Blinken, Ceyhun Bayramov və Arorat Mirzoyan arasında keçirilən görüşdə açıqlanan əsas məsələ ondan ibarətdir ki, Azərbaycan və Ermənistan yekun sülh müqaviləsini imzalamağa hazırdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib. 

Onun sözlərinə görə, tərəflər arasında mövqelərin razılaşdırılması istiqamətində irəliləyiş var, amma iqtisadiyyat və nəqliyyat sahələrini əhatə edən fikir ayrılıqları da qalmaqdadır:

“Digər tərəfdən noyabr ayında ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu seçkilərə maraq kifayət qədər böyükdür. Erməni lobbisinin “Demokratlar”a təsiri var, onlar bu təsiri daha da böyütmək istəyirlər. ABŞ-nin Ermənistana siyasi dəstəyi də göz önündədir. Bunların fonunda Azərbaycan öz milli maraqlarını qoruyur. Azərbaycan üçün qırmızı cizgilər var, bu da Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməsi ilə bağlıdır.

Düşünürəm ki, bu məsələ həllini tapsa, sülh müqaviləsinin imzalanması istiqamətində xeyli irəliləyiş əldə oluna bilər. ABŞ sülh istəyirsə, Ermənistana təzyiq etməlidir. Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.

Qeyd edək ki, iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top