“COP29 türk dünyası üçün yeni imkanlar və perspektivlər vəd edir”

COP29 08 iyul 2024, 16:39
“COP29-un Azərbaycanda keçirilməsi Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrə stimul verəcək. Gələcəkdə türk dövlətlərindən hər hansı biri bu tədbiri keçirərkən Azərbaycanın təcrübəsindən yararlanacaq”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.

O xatırladıb ki, COP29 bu günə qədər Azərbaycanda keçirilən tədbirlərin ən mühümü və miqyasca ən böyüyüdür:

“Bu baxımdan COP nəinki Azərbaycan üçün, region ölkələri və türk dünyası üçün də yeni imkanlar və perspektivlər vəd edir. Çünki BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı gələcəyi özündə ehtiva edən bir layihədir. Bu tədbir nəticəsində dövlətlərin növbəti addımlarının nədən ibarət olacağı, “yaşıl enerji”yə keçid, ilim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi üçün hansı addımların atılacağı müəyyənləşdiriləcək. TDT-nin Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında “Qarabağ Bəyannaməsi”ndə COP-la bağlı bəndin olması o deməkdir ki, növbəti illərdə türk dövlətləri ətraf mühitin mühafizəsində, “yaşıl enerji”nin istehsalı və nəqlində bir araya gələcək. Azərbacana ənənəvi enerji ixracatçısından “yaşıl enerji” ixracatçısına keçid mərhələsində türk dövlətlərinin dəstəyi çox vacibdir. Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Qərbə nəql olunacaq enerjinin Azərbaycan üzərindən ötürülməsi türk dünyasının yeni çağırışlara hazır olduğunu sübut edəcək”.

Qeyd edək ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi”ndə TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək veriblər. Bəyannamədə bildirilir ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikası Hökumətinə uğurlar arzulayır və Konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top