Nazir Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyin etdi

MƏDƏNİYYƏT 05 iyl 2024, 18:05
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib. 

Bu barədə Demokrat.az-a məlumat daxil olub. 

Qeyd edək ki, bir neçə ay əvvəl Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzi İncəsənət Məktəbində yoxlama aparılıb. Yoxlama zamanı məktəbdə rəhbərlik tərəfindən tədrisin təşkili ilə bağlı ciddi nöqsanlarla yanaşı, vəzifədən sui-istifadə, mənimsəmə və digər korrupsiya faktları da aşkar edilib. 

Məlum olub ki, hər tədris ilinin əvvəlində məktəbin direktoru Əziz Yaşar oğlu Qarayusifli tərəfindən müəssisədə çalışan müəllim heyətinə dərs yükü pul qarşılığında verilib, yaxud həmin verilən dərs yükünün müəyyən bir hissəsinə aid olan maliyyə vəsaiti mənimsənilib.

Əziz Qarayusifli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib.

Təhsil ocağındakı qanun pozuntuları ilə bağlı materiallar hüquqi qiymət verilməsindən ötrü hüquq mühafizə orqanlarına göndərilib.


Aygün Əli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top