"Sabah oğlanları dünyaya gətirən analar olmayacaq" — HƏYƏCAN TƏBİLİ

GÜNDƏM 02 iyl 2024, 13:37
"Xəzər" TV-də yayımlanan "Təsir Dairəsi" verilişində 39 yaşlı Tahirə adlı qadın qız övladı olacaq deyə ana bətnində körpəsi ilə çölə atıldığını iddia edib. Üç övladı olan ana altı ildir müxtəlif çətinliklərlə üzləşdiyini və üçüncü övladını dünyaya gətirərkən onun digər iki qızının sığınacağa yerləşdirildiyini bildirib. Lakin ultrasəs müayinəsinin əksinə olaraq, qadının qız yox, oğlan övladı dünyaya gəlib.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, hazırda savadlı-savadsız, ziyalı və ya cahil fərqi yoxdu, 90% bütün ailələrdə hamı oğlan uşağının doğulmasını istəyir, sadəcə bunu dilə gətirənlər və gətirməyənlər var. 

Lalə Mehralı qeyd edib ki, əslində bu kimi vəziyyətlər adətən ailə böyüklərinin israrı və təhriki ilə olur:

“Əslində bu situasiyanın səbəbkarı adətən ailə böyükləri olur. Oğlan uşağı nəslin davamçısı və ailənin gələcəyi hesab edilir. Ona görə hamı mütləq oğlan uşağının doğulmasını istəyir. Bu 90% ölçüdə bütün ailələrdə belədir. Lakin oğlan uşağı olmadı deyə ailəsindən imtina eləmək, boşanmaq, evdən qovmaq bu kimi hallar insanlıqdan kənar vəziyyətdir. Çünki oğlan ya da qız hər ikisi sənin övladındır. Səndə yaranıb və sənin təsirin ilə cisiyyəti müəyyənləşib. Təəssüf ki, oxumuş insanlar da bilə-bilə bu addımı atır, cahil insanlar da. Nəticədə hamı mental dəyərlərin əsirinə çevrilir. Mütləq oğul olmalıdır düşüncəsi ilə dəfələrlə aborta gedir, övlad qatili olurlar. Bəzən də keysəriyyə sayına görə doğuşların sayı məhdudlaşanda ailələrindən imtina edib ikinci dəfə evlənirlər. Əslində bu situasiyanın səbəbkarı ailə böyükləri olur. Çox vaxt ailə böyükləri əgər dalbadal qız doğulubsa təkidlə ailənin dağılmasını və yenidən ailə qurmasını istəyirlər. Bunu heç cür qəbul etmək istərmilər ki, cinsiyyət təyini atanın orqanizmindən ötürülür. Hətta həkim desə belə bunu israrla inkar edirlər. 


Ona görə mütləq qaydada bu cür vəziyyətlərdə o ailə ilə danışlmalı və başa salınmalıdır. Hansıki evdən qovublar və o qadının o ailə geri qayıtmamasına nəzarət etmək lazımdır. Çünki oğul övladının olmadığına görə ailədən atılan qadın sabah ən sadə bir problemə görə eyni vəziyyətlə üzləşə bilər. Bu halda o cür ailənin boşanması daha məqsədə uyğundur. Mən heç vaxt boşanma tərəfdarı olmamışam. Həmişə ailələrin bərpası istiqamətində fikir bildirmişəm. Amma bəzən elə vəziyyətlər var ki, həqiqətən boşansa tərəflər üçün daha yaxşı olur. 

O ananın və qızlarının təkrar o ailəyə qayıtması və onları orda gözləyəcək abu-hava heç də ürəkaçan olmayacaq. Oğul övladı göz üstündə saxlanılacaq, qız övlad ikinci plana atılacaq, qüruru sındırılacaq, sevilməyəcək. Nəticədə isə yaralı, psixologiyası korlanmış, güvənsiz bir mühitdə öz-özünə böyüyən uşaqlar cəmiyyətə təqdim ediləcək. Belə vəziyyətdənsa dövlət və ya ananın himayəsində yaşamaqları daha məqsədə uyğundur. Yəni bu cür vəziyyətlərdə dövlət dəstək göstərər anaya özü himayə edər. Nəinki qız-oğul ayrımı edən ailəyə geri qayıtmaq.

Son illər çox müşahidə edirəm ki, getdikcə qızların sayı artır. Bunun əyani şəkildə nümunəsini biz məktəb siniflərində, bağça qruplarında  Statistika Komitəsinin açıqladığı statistik məlumatlarda görə bilərik. Əgər qızların dünyaya gəlməyinə mane oluruqsa sabah oğlanları dünyaya ətirən analar olmayacaq. Ordunu formalaşdıran, dövləti qoruyan oğulları qadınlar dünyaya gətirir. Qadınların dünyaya gəlişinin qarşısını almaqla bir millətin genefondu, dövləti, ölkəni təhlükəyə atmış oluruq”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top