Ordun varsa, yurdun var...

SOSİAL 24 iyn 2024, 17:08
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə bu adda tədbir keçirilib.

İyunun 24-də  Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar “Ordun varsa, yurdun var” mövzusunda dəyirmi masa keçirilib.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 106 illik şərəfli yoldan geniş bəhs edərək  diqqəti son dörd ilin qürurverici məqamlarına, müstəqillik tariximizə yazılan Zəfər səhifələrinə yönəldib. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində yaradılan möhkəm təməl bugünkü uğurlarımızı şərtləndirdi. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Həmçinin bu reallıq da daim önə çəkilir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Azərbaycanın müstəqilliyi, torpaqlarının azadlığı uğrunda canlarından keçən Vətən övladlarının hər biri qəhrəmanlıq dastanı yazaraq şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlıq yolu indiki və gələcək nəsillər üçün  vətənpərvərlik məktəbidir. Torpaq, Vətən sevgisi tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan əsgəri daim Müzəffər Ali Baş Komandandan “İrəli!” əmrini gözlədi. Torpaqlarımızı işğaldan azad, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını təmin etmək  əsas hədəflər sırasında idi. 30 il ərzində Azərbaycan sülh siyasətinə sadiqlik nümayiş etdirərək keçmiş münaqişənin sülh danışıqları əsasında həllinə səy göstərdi. Tarixi Zəfərimizdən bəhs edərkən  Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi  “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığını, gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri üzərinə düşən şərəfli vəzifəni hər an yerinə yetirmək iqtidarında olduğunu bir daha sübut etdi. 44 gündə 30 ilin işğalına son qoymaq, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etmək gücümüzün, qüdrətimizin, milli qürurumuzun təqdimatı oldu.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin  müdiri Pənah İmanov vurğulayıb ki, Azərbaycan Ordusu ilə qürur duyuruq. Tarixi Zəfərimizə qədər keçirilən  Silahlı Qüvvələr Günündə, hərbi paradlarda bu arzunu ifadə edirdik ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız bu ərazilərimizdə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsınlar. Artıq dörd ildir ki, bu arzunun reallığa çevrilməsinin sevincini yaşayırıq.  Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi. Tarixi Zəfərimizdən sonra hədəflər açıqlanarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu istiqamətində addımların davam etdiriləcəyini bildirdi. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də ölkə Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

Vətən Müharibəsi Qəhrəmanı  Anar Mirzəyev bildirib ki, XXI əsr müharibəsi adlandırılan İkinci Qarabağ müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bu gün qürurla qeyd etdiyimiz Qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  oğulları qazandı. Ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin  əhval-ruhiyyəsi, döyüş əzmi  zəifləmədi, əksinə hər çətin ərazi relyefinə malik rayonlarımızın düşmən işğalından azad olunduğu günlərdə onların  sevincini, keçirdikləri hissləri sözlə ifadə etmək çox çətindir. 27 sentyabr Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz həmin gün xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44 günlük Vətən müharibəsinə başladı. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixi isə Zəfər Günü kimi təsis edildi. Bu gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı  Bayrağı dalğalanır. Bu torpaqlar bizimdir və biz burada əbədi olacağıq. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Vətən müharibəsi qaziləri Məhəmməd Haqverdiyev və Vüsal Həsənov çıxışlarında qeyd ediblər ki, tarixi Zəfərimiz Azərbaycan dövlətinin  ordu quruculuğu istiqamətində atdığı addımların, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizin təqdimatı oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan Bayrağımız milli kimliyimiz, qürurumuzdur. Çox xoşbəxtik ki, Azərbaycanımızın Zəfərində  bizim də payımız var.

2 saylı Vərəm Əleyhinə  Dispanserin baş həkimi, Vətən müharibəsi  iştirakçısı Ceyhun Əliyev Qələbə münasibətilə orden və medallarının təsis edilməsindən bəhs edib. Bildirib ki, bu mühüm addım  qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.

YAP fəalı Afət Novruzova tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin sevincindən, Qələbənin doğurduğu qürur hissindən danışaraq bunun üçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlığını ifadə edib.

Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top