Ağcabədidə 32 yaşlı kişi həmyerlisini bıçaqladı — TƏFƏRRÜAT

HADİSƏ 21 iyn 2024, 17:44
Ağcabədi rayonunda 1992-ci il təvəllüdlü Elşad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Murada xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşad həmkəndlisi Aytəkinin evində apardığı təmir-tikinti işlərini yarımçıq saxladığından sonuncunun əmisi oğlu Murad ilə aralarında narazılıq yaranıb. 

Dəfələrlə Murad zəng edib məsələyə aydınlıq gətirmək üçün onunla görüşmək istəyib. Lakin naməlum səbəbdən görüşə gələ bilməyib. 

Elşad 29 noyabr 2023-cü ildə, axşam saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətinə gəlib. O, həmin gün saat 21:30-da yaşadığı Ağcabədi rayonunun Yeni Qaradolaq kəndinin ərazisində “Baba” adlı marketin yaxınlığında Muradla qarşılaşıb. Yenidən eyni mövzu ətrafında mübahisə edərkən sonuncunun ona sifariş götürdüyü evin təmir-tikinti işlərini yarımçıq saxlaması ilə əlaqədar bir daha irad bildirməsindən sonra Muradın ona irad tutması kimi cüzi səbəbi bəhanə edib. 

Elşad Murad da daxil olmaqla hər hansı şəxsin ona irad tutmaq və ya məzəmmət etmək iqtidarında olmadığını göstərmək, ona qarşı belə hərəkətlərə yol verən şəxsləri cəzalandırmaq hüququnu özündə görüb. O, cib bıçağını çıxarmaqla Muradın qarın nahiyəsinə qəsdən bir dəfə zərbə endirib. 

Hadisəni törədən Elşadın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ağcabədi rayonu Yeni Qaradolaq kəndində yaşayır, saxlanılana qədər kənddə usta işləyib: “Hadisədən bir müddət əvvəl həmkəndlim Aytəkinin evində təmir işləri gördüm. Təmir işlərini yarımçıq qoydum. Buna görə də Aytəkin bizə gəlib atama narazılığını bildirdi. Aytəkinin evinin təmiri ilə bağlı əmim oğlu Muradla danışdım. Lakin təmiri yarımçıq qoyduğundan Murad mənə dəfələrlə zəng edərək işi yekunlaşdırmağı tələb etdi. Buna görə də aramızda narazılıq yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 21 radələrində Murad ona zəng edərək söhbət etmək istədiyindən onu kəndin içindəki marketin qarşısına çağırıb: “Telefonda Murada görüşmək istəmədiyimi dedim. Lakin axşam Muradın dediyi yerə, siqaret almaq üçün marketin qarşısına getdim. Marketin qarşısında Muradla qarşılaşdım. Söhbət zamanı Muradla mübahisələrimiz düşdü və əsəbləşdiyimdən cibimdəki bıçağı çıxararaq Muradın qarın nahiyəsindən bir dəfə vurdum. Sərxoş vəziyyətdə olduğum üçün evə getdim. Bıçağı isə yaxınlıqdakı su kanalına atdım. Bir qədər sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları evə gələrək məni şöbəyə apardılar”.

İş üzrə zərərçəkmiş Muradın sözlərinə görə, Elşad həmkəndlisidir, ev ustası işi ilə məşğuldur: “Hadisədən bir müddət əvvəl Elşad mənim əmim qızı Aytəkinin evində təmir işləri görmək üçün pul aldı. Lakin evin təmirini yarıda qoydu. Bununla bağlı Aytəkin Elşadın evinə getdi və işi yekunlaşdırmadığı üçün onun atasına narazılığını bildirdi”. 

Zərərçəkmiş deyib ki, noyabrın 29-da gündüz vaxtı Elşad ona içkili halda zəng edərək əmisi qızının nə üçün atasına bu barədə dediyini soruşub: “Buna görə də onunla telefonda yüngül mübahisə etdim. Həmin günü axşam saat 21 radələrində kənddə Səyavuşun marketinin qarşısında Elşadla qarşılaşdım. Elşad üzərimə gəlsə də, Elşada içkili olduğundan onunla mübahisə etmək istəmədiyimi, onunla ayıq başla sonra söhbət edəcəyimi bildirdim. Elşad mənə “yaxşı” dedi və qəfildən qarnımdan bir bıçaq zərbəsi vurdu. Bundan sonra dərhal Səyavuşun marketinə daxil oldum. Orada yaramın üstünə əski qoydum. Səyavuş və Ramin məni xəstəxanaya apardılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşad 6 il azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top