Şuşa Bəyannaməsi Türkiyə Azərbaycan birliyinin siyasi rəmzidir — Toğrul Allahverdili

SİYASƏT 15 iyn 2024, 23:05
"Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasından 3 il ötür. Şuşa Bəyannaməsi dünyada Azərbaycan-Türkiyə qardaşlığının örnəyidir. Müzəffər Ali Baş komandan, Dünya azərbaycanlılarının lideri Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə xalqlarımız arasında tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu.
 

Demokrat.az-a açıqlamasında bu sözləri QHT sədri, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili deyib.
 
QHT sədri bildirib ki, Şuşa Bəyannaməsinin 15 İyun Milli Qurtuluş Günündə imzalanmasının tarixi anlamı çox böyükdür. 

Müdrik və qətiyyətli mövqeyi sayəsində dövlətimizin bütövlüyü və milli birliyini təmin edən, bu şərəfli tarixi  yaradan, yazan, canından çox sevdiyi xalqının müstəqillik arzularını gerçəyə çevirən böyük şəxsiyyət Ümummilli Lider Heydər Əliyevun adı ilə bağlı olan Qurtuluş Günü, eyni zamanda Türkiyə-Azərbaycan əlaqələrində yeni bir dövrün başlanğıcıdır.  Artıq tək Azərbaycanda deyil, qardaş Türkiyəmizdə də  15 İyun tarixi gün olaraq qeyd edilir. 

Bütün dünyada qardaşlıq simvolu kimi qəbul edilən Şuşa Bəyannaməsi  Türkiyə Azərbaycan birliyinin siyasi rəmzidir. Bu Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, diaspor sahəsində birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
 
Xaricdə yaşayan soydaşlarımız və icmalarımız arasında informasiya mübadiləsini artırmaq, beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi, bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan məsələlərin Şuşa Bəyannaməsində öz əksini tapması qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsinin göstəricisidir.
 
Tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin siyasi, diplomatik və iqtisadi uğurudur. Bu gün fəxrlə deyə bilərik ki, Şuşa Bəyannaməsi iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top