“Universitet tələbəsinin ailə qurması qadağan edilməlidir” — AÇIQLAMA

GÜNDƏM 13 iyun 2024, 14:38
Nikah yaşı ilə bağlı qanunvericilik dəyişdirilir. Artıq ailə qurmaq üçün nikah yaşı üzrlü səbəblərə görə də olsa, bir il azaldılmayacaq. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunub. Məsələyə psixoloq Gülnar Orucovanın yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında dedi ki, bəzi bölgələrdə qızların ailə qurması üçün qanuni nikah yaşını, yəni 18 yaşı gözləməyən ailələr var:

“Əvvəllər eşidirdik ki, 15-16 yaşlı qızlar ailə qurur, indi isə hətta 13-14 yaşa enib rəqəm. Qızları erkən yaşda ailə qurmağa məcbur edirlər. Bəzi hallarda isə yeniyetmə qızlar ailədəki vəziyyətdən dolayı tez ərə getmək istəyirlər. Ailədə oxumuş insanlar varsa, övlad da təhsil almağın önəmini başa düşür, əks halda isə düşünür ki, təhsil almaq lazımsız bir şeydir. Lakin onlar düşünməlidirlər ki, təhsil alaraq, savad və bacarığa yiyələnərək düşdükləri çətin vəziyyətdən çıxa bilərlər. Bir çox insanlar var ki, valideynləri oxumayıb, savadlı deyil, amma özləri xaricdə biznes qurublar, iş adamı kimi tanınıblar”. 

G.Orucova hesab edir ki, qanunda nikah yaşı 18 göstərilsə də bu yaş ailə qurmaq üçün uyğun deyil:



“Düşünürəm ki, bir xanım 22-24 yaşdan sonra ailə qurmalıdır. Erkən ailə qurmaq boşanmalara səbəb olur. Müəyyən bir yaş dövründə insan hissləri ilə hərəkət edir. Səhvini başa düşəndə isə bəzən gec olur, ömrünün sonuna qədər o səhvin nəticəsi ilə barışmalı olur. Buna psixologiyada öyrədilmiş çarəsizlik sindromu deyilir. Özünə güvənən qadınlar boşana bilir, lakin bu da uşaqlarda travma yaradır. Müəyyən mırhələləri keçdikdən sonra ailə qurulmalıdır. Bir psixoloq kimi düşünürəm ki, qanunla nikah yaşı 20 olmalıdır. Universitet tələbəsinin ailə qurması qadağan edilməlidir. Qohum evliliklərinə də son qoyulmalıdır. Bu qaydalara əməl etmədən evlənən şəxslərin övladları üçün də dövlət tərəfindən verilən imtiyazlar ləğv olunmalıdır və həmin şəxslər cərimələnməlidir. Erkən nikaha övladını sövq edən valideynlər də həbs olunmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top