“Cənab Prezident evimin açarını təqdim edəndə əllərim əsdi, titrədim...” — MÜSAHİBƏ

GÜNDƏM 30 may 2024, 22:30
Səriyyə Müslümqızı: “İçimdən sevincə bükülmüş kədər keçdi”

Səriyyə Müslümqızı Xocalıda yaşayır... Səriyyə Müslümqızı Xocalıya qayıtdı... Səriyyə Müslümqızı evinə köçdü...  Dünəndən mediada demək olar, hər kəs ondan danışır. İnciməsin digər xocalılar. Səriyyə Müslümqızı Xocalının haqq səsi idi. Elə uca bir səs idi ki, Səriyyə Müslümqızı Xocalının rəmzinə çevrilmişdi. Bunu kimsə dana bilməz. Xocalılıların hamısı kişisi də, qadını da mübarizdir, döyüşkəndir, şücaətlidir, qorxmaz, igiddir. Bu, sözsüz. Lakin Xocalı dərdi də ölçüyəgəlməz idi. Xocalı dərin bir yara idi. Sızım-sızım sızıldayırdı Xocalının həyatda qalmış hər bir sakini. Həyatda qalmış?!.. Bu ifadə, etiraf edim, titrətdi məni. Məgər onlar özlərini həyatda qalmış zənn edirdilər?.. 1992-ci ilin fevral gecəsindən sonra onların həyatı olmadı ki! Sadəcə, sağ qalmış, deyirdilər özlərinə. Heç şübhəsiz əksəriyyəti özünə neçə dəfə qarğış edib ötən 32 il ərzində: Kaş mən də öləydim, kaş şəhid olaydım, kaş o qarlı, şaxtalı gecədə meşənin dərinliklərində itib-bataydım... Sağ qalmaq ölməkdən daha məşəqqətli idi, çünki. 32 il bu ağrını daşımaq üçün cəsur ürək sahibi olmalısan. Xocalılar bunu bacardı. Dözdülər taleyin hər əzabına. Və nəhayət gün doğdu talelərinə. Elə bir gün ki, 32 ilin ağrı-acısını bir günün içində yuyub apardı!.. 

Və gözəl bir may günündə səhəri Xocalıda açdılar xocalılılar. 32 il müddətində dilində Xocalı kəlməsi, ürəyində Xocalı dərdi, əlində isə yazdığı kitablar dünyanı dolaşan, Xocalının böyüməyəcək körpələrini dünyaya göstərən Səriyyə Müslümqızı da həmçinin. Fikrimcə, “Xocalıda səhəriniz necə açıldı” sualını cavablandırmağı da ilk öncə o haqq edir. 

Xocalıya səfər etmək hələ ki, mümkün olmadığından texnalogiyanın verdiyi imkandan istifadə edib görüntülü danışdıq Səriyyə xanımla. Həm də səhər çağı. Kövrəldən bilsəniz nə oldu? Səriyyə xanımın doğma ocağında səhərin erkən vaxtı ev işləriylə məşğul olmağı. Şükür bu günə! Xocalılılara bu günü yaşadanların - başda cənab Prezident olmaqla, müzəffər ordumuzun qarşısında sonsuz təşəkkürlə baş əyir, şəhidərimizi dərin minnətdarlıqla anırıq.   

- Səriyyə xanım, uzun illərdən sonra öz doğma evinizdə gecələdiniz, səhəri açdınız. Gecə necə keçdi, səhər necə açıldı?

- Xocalıda gecələməyin özü də böyük bir nemət imiş. Nə yaxşı ki, biz Xocalıya dönə bildik, mən Xocalıya dönə bildim. Və evimdə gecələdim, səhəri evimdə açdım. Durdum ki, evimin qənşərində üçrəngli bayraq dalğalanır!.. Uzun-uzadı müqəddəs bayrağımıza baxdım. Gözümü ondan ayıra bilmədim. Bunu görmək, bu hissləri yaşamaq çox gözəl idi. Amma... Səhər açılanda 32 il bundan öncə hər səhər məni yuxudan oyadan anam yox idi artıq. Səhər gözümü açanda süfrə hazır olardı. Süfrədə onun öz əlləri ilə hazırladığı səhər yeməyi olardı. Amma bu səhər, artıq o səhər deyildi...  

- Qarabağın gündüzü, gecəsi, səhəri yəqin ki, bir başqadır, fərqlidir, Səriyyə xanım...

- Qarabağın gündüzü də, gecəsi də başqa bir aləmdir, gündüzü də gözəldir, gecəsi də. Gecələri aylı, ulduzlu olardı, səhərləri günəşli. Mənim evimdən Boz dağı, Kətik meşəsi görünür. Səhər tezdən qapını açıb pilləkəndə dayanıb Boz dağına, Kətik meşəsinə baxdım. Xəyallar məni çox-çox uzaqlara apardı... 

- Köçkün həyatı yaşamış qadın üçün doğma evinin xanımı olmaq necə hissdir? Sizi öz evinizdə təsəvvür etmək, inanın ki, sizi tanıyanlar üçün çox duyğulu, kövrək hisslərdir...

- Bu illər ərzində mən ağrılı-acılı günlər yaşadım, evsizliyin, eşiksizliyin ağrısını çəkdim. Amma bu gün doğma evimdəyəm, anamın öz əlləri ilə tikdiyi evdə. Düzdür, evimizi dövlətimiz bu il təmir edib, amma bu evi anam tikmişdi və üç qız uşağını bu evdə çox çətinliklə böyütmüşdü. Məhz bu gün öz evimdə o duyğuları yaşadım ki, sən demə, qadın xanım da olarmış, rahat da olarmış, hüzurlu da olarmış... Bax, bu hüzuru tapdım evimdə, Xocalımda.   

- Cənab Prezidentlə, Mehriban xanımla görüşmək, səmimi söhbət etmək, evinizin açarlarını cənab Prezidentin sizə, Xocalının doğma sakinlərinə təqdim etməsi... Bunlar həyatınızın ən dəyərli anlarıdır, sözsüz ki.

- Bəli. Elədir. Düz 32 il bundan qabaq evimin qapısını belə bağlaya bilməmişdim, açarlarını da götürmək imkanım olmamışdı. Cənab Prezident mənə müasir üslubda tikilən, qapısı, pəncərəsi – hər şeyi dəyişdirilən evimin açarını verdi. Həmin an əllərim əsdi, titrədim. İçimdən sevincə bükülmüş bir kədər keçdi. Yəqin ki, o kədər həmişə içimdə qalacaq. 



- Cənab Prezidenti, Mehriban xanımı evinizə dəvət etdiniz, evinizin ilk qonaqları oldular. 

- Bəli, evimi mənə qaytardıqları üçün ölkə başçısına, birinci xanıma minnətdaram. 32 il intizar içində, həsrət çəkə-çəkə gözləsəm də inanırdım ki, günün birində yenidən evimin qapısından içəri girmək mənə qismət olacaq. Hamı kimi mən də əmin idim ki, Qarabağ, Şuşa, Xocalı azad olunacaq və biz bu torpaqlara yenidən qayıdacağıq. Çünki cənab İlham Əliyev kimi müdrik, uzaqgörən liderimiz var. Şəhidlərimizin, Xocalıda öldürülən günahsız körpələrin qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi müzəffər ordumuzun sayəsində, Allahın izni ilə bu günləri görmək bizə nəsib oldu.  



-Xocalıdakı görüş cənab Prezidentlə ikinci görüşünüz idi. Yəqin ki, ölkə başçısı və ailəsi ilə Xocalıda görüşmək, evinizdə söhbətləşməklə rəsmi bir tədbirdə görüşmək arasında böyük fərq var.  

- Mən cənab Prezidentlə söhbət əsnasında da qeyd etdim ki, 2017-ci ildə Mətbuat Günündə cənab Prezident, sizinlə görüşmüşdük. O da xatırladı həmin görüşü. Biz xocalılar hər zaman Prezidentin diqqətində olmuşuq, bizə göstərilən diqqət və qayğı az da olsa təsəlli tapmağımıza kömək olub ötən illər ərzində.




- Həssas bir məqamı da mümkün olsa, qeyd edin. Mərhum ananızın, qohumlarınızın məzarları tapılıbmı? Harada dəfn olunduqları bilinirmi? Sizin üçün ağırdırsa, cavab verməyə bilərsiniz.

- Soyqırımı zamanı qətlə yetirilən anamın cansız bədənini bir aydan sonra bir bahar bayramında, martın 22-də Kətik meşəsində tapdım. Ağdamın Uzundərə qəbiristanlığında dəfn etdim. Eyni zamanda da əmim oğlanlarından birini də anamla yanaşı dəfn etdim. Digər qohumlarım da Uzundərə adlanan qəbiristanlıqda torpağa tapşırılıblar. İndi anamın məzarı yoxdur, əmim oğlunun da... 

- Xocalıda torpağın hər qarışı şəhid qanıdır. Böyük türk şairi Mehmet Akif Ərsoy sanki bu misraları həm də Xocalı üçün deyibmiş: Basdığın yerləri toprak deyərək keçmə, tanı. Düşün altında minlərcə kəfənsiz yatanı... 

(Səriyyə xanım səsi titrəyə-titrəyə şeirin ardını söylədi


–... Kim bu Vatanın uğruna olmaz ki fəda?! Şühəda fışqıracaq, toprağı sıxsan, şühəda... Bəli, haqlısınız. Xocalının hər qarışı, hər parçası şəhid qanıdır. Şəhid qanına bələnmiş bir şəhərdir, ruhlar şəhəridir Xocalı. İnanın, ayağımı ilk dəfə Xocalı torpağına qoyanda düşündüm ki, görəsən, bura hansı doğmamızın, hansı həmyerlimizin qətlə yetirildiyi yerdir. Bəlkə də burada kimlərisə dəfn ediblər?.. Ona görə də ayağımı torpağa basanda ehtiyat edirəm, hər dəfəsində həyəcanlanıram. Hisslərim, duyğularım bir-birinə qarışır. Fikirləşirəm ki, bəlkə də o torpaqda mənim doğmam uyuyur, bəlkə də ən əziz adamım uyuyur. Ayağımı torpağa qoymağa qorxuram. Amma qoymalıyam. Neyləyim, bu da mənim taleyimdir.  

- Biz sizi Xocalıya ədalət tələb edən, Xocalının səsini dünyaya yayan fədakar xanım kimi tanıyırıq həm də. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri kimi Xocalı soyqırımının, erməni vəhşiliklərinin dünyaya çatdırılmasında çox iş görmüsünüz. 12 kitab müəllifisiniz. Fəaliyyətinizi davam etdirəcəksinizmi? Çox istərdik yaxın zamanda səsinizi "Danışır Xocalı" və ya "Göstərir Xocalı"dan eşidək, görək.

- İnşallah fəaliyyətimə Xocalıda davam edəcəyəm. Çünki mən mətbuatda fəaliyyətə Xocalıdan başladım. 1991-ci ildə “Xocalının səsi” qəzeti ilə ilk dəfə mətbuata gəldim, "Səhər" qəzetinin bölgə müxbiri işlədim. Sonra da müstəqil jurnalist kimi fəaliyyət göstərdim. Bacardığımı elədim. Çalışdım, kiçik fəaliyyətimlə dövlətimizin apardığı mübarizəyə mən də dəstək olum. Qarabağ azaddır, artıq. Amma bu, son deyil. Biz Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq davasının siyasi arenada tam qələbə çalması üçün yenə çalışmalıyıq. Çünki düşmənlərimiz sakit oturmayıblar. Bundan sonra yəqin ki, burada yeni bir mətbuat orqanı qurulacaq və mən orada çalışacağam. Doğru deyirsiniz, bəlkə də Xocalını yenidən “Xocalının səsi” internet televiziyasından eşidib duyacaqsınız. Səsimizi dünyaya yayacağıq. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top