Erkən nikahların qarşısını cəmiyyət olaraq birgə almalıyıq

GÜNDƏM 25 may 2024, 18:15
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatı müzakirə olunub. Parlamentin komitə sədri Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqlayaraq bildirib ki, Dövlət Komitəsinin illik məlumatı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir. Qeyd olunub ki, aparılan təhlillərə görə, ölkədə gender bərabərliyinin təmin edilməsi  sahəsində müsbət  dinamika var. İdarəetmə və qərar qəbul etmədə qadınların iştirakçılığının artması müşahidə olunur. İnzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə  də  hakim qadınların sayı artır.  Bununla yanaşı, ölkədə  əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlər görülür, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılır. H.Hüseynova həmçinin təhsildən yayınma halları, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, qanunvericilikdə bunun nəzərə alınmasının vacibliyini də qeyd edib. Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi ilə bağlı fikirlərini açıqlayıb.



Komitə sədri diqqətə çatdırıb ki, pensiyalarla bağlı  gender bərabərliyinin təmin edilməsi sahəsində də müsbət tendensiyalar mövcuddur. Qanunvericiliyə edilən dəyişikliklərdə artıq analarla yanaşı, atalar da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olacaqlar. Məişət zorakılığı və onun fəsadları barədə danışan komitə sədri bildirib ki, belə halların qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxslərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə önəmli dəyişikliklər nəzərdə tutulub. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qurumun 2023-cü il üzrə məlumatını təqdim edib. Bildirilib ki, Dövlət Komitəsi 2023‐cü ildə öz əsasnaməsində müəyyən edilmiş istiqamətlər üzrə vəzifələrini uğurla həyata keçirib. Diqqətə çatdırılıb ki, 2023‐cü il ərzində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikah, məişət zorakılığı, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərlik, insan hüquqlarının təbliği, eyni zamanda, dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası məqsədilə bir sıra tədbirləri keçirilib. Məlumatda qeyd olunur ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı daxil olan müraciətlər əsasında bu istiqamətdə hüquqi, psixoloji, tibbi xidmətlər göstərilib, məşğulluqla bağlı məlumatlandırma, müraciət edənlərin ailə və yaşayış şəraiti ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib. Məsələ ətrafında müzakirələr zamanı çıxış edənlər Dövlət Komitəsinin məlumatını müsbət qiymətləndiriblər. Çıxışlarda ölkədə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə qadınların rolunun artırılması sahəsində həyata keçirilən tədbirlərin məqsədəmüvafiq olduğu qeyd edilib, dövlət tərəfindən bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilib. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Millət vəkili  Bəhruz Məhərrəmov bildirib ki, bir çox hallarda boşanma prosesi özü zorakılığın kökündə dayanan amil olur: “Ümumiyyətlə, biz mübahisəsiz boşanma prosesini niyə məhkəmələrə həvalə edirik? Mübahisə varsa başqa məsələ, amma mübahisə yoxdursa, üstəlik, nikah müqaviləsi də varsa biz Ailə Məcəlləsinin 17-ci maddəsində olduğu kimi boşanma prosesini tam şəkildə Qeydiyyat idarələrinə həvalə edə bilərik”. Deputat nikah müqaviləsini icbari formata salmağı da təklif edib: “Necə ki, nikahdan öncə tərəfləri icbari tibbi müayinəyə cəlb edirik, eləcə də nikah üçün müraciət edərkən nikah müqaviləsi də aidiyyatı icra orqanına təqdim edilməlidir. Bunun üçün, tərəflərin bərabər mənafelərini rəhbər tutaraq müqavilə nümunəsi də Ailə Məcəlləsinə əlavə kimi nəzərdə tutulmalıdır ki, xüsusi şərtləri olmayan tərəflər elə bu formadan istifadə etsinlər. Biz bununla birincisi, yersiz məhkəmə çəkişmələrinin qarşısı ala bilərik, ikincisi isə boşanma prosesində xüsusən qadınların hüquqları üçün təhdidləri aradan qaldırmış olarıq”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlamasında komitənin hesabatının müsbət qarşılandığını bildirib: 



" Əsas problemlərdən biri, bilirsiniz ki, erkən evliliklərdir. Komitə bu istiqamətdə iş aparır. Amma daha yaxşı olar ki yerlərdə də mübarizə aktiv şəkildə aparılsın. Biz cəmiyyət olaraq erkən nikahlara qarşı mübarizə aparmalıyıq.  Bu məsələdə hər zaman cəmiyyətin qınanacaq tərəfi var. Çünki erkən evliliklər çoxunun gözü qarşısında baş verir. Ailə, yaxın qohumlar, məktəb, qonşular. Bu tərəflərdən hər hansı birisi baş verəcək hadisə barədə dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını vaxtında məlumatlandırsa, erkən evliliyin qarşısı alınar. Sonra tərəflər məhkəməyə müraciət etmək məcburiyyətində də qalmaz, gənc qızlarımız çətin vəziyyətdə də qalmazlar. Nikah müqaviləsinin icbari olmasından əvvəl bu problem mümkün qədər tez həllini tapmalıdır. Biz erkən nikahların qarşısı ala biləcək təsirli mexanizmlərin işləməsini təmin etməliyik. Nikah müqaviləsi isə hesab edirəm ki, könüllü olmalıdır. Sadəcə, bununla bağlı maarifləndirmə, məlumtlandırma aparılmalı, evliliyə hazırlaşanlara qeydiyyat şöbələrində bu haqda məlumat verilməli, üstünlükləri anladılmalıdır.  

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında qeyd edib ki, nikah müqaviləsinə qarşı cəmiyyətdə qınaq var:

" Nikah müqaviləsi bağlayaraq evlənənlərə münasibət yaxşı deyil. Evliliyin maddiyyat üzərində qurulduğunu, maddiyyata söykənilərək başladığını deyirlər. Tərəflər arasında hər şeyin müqaviləli olması, ümumən, mənəvi dəyərlərə zidd hesab edilir. Bu baxımdan nikah müqaviləsinin icbari olmasına nə qədər insan müsbət yanaşacaq, sual altındadır. Nikahsız evlənənlər də çoxdur. Erkən nikah məsələsi, etinasızlıq məsələsi, dini nikahla evlənənlər məsələsi daha aktualdır.  Nikah müqaviləsini bu problemlərdən çıxış yolu kimi görmək olmur. Övladı olmayanlar və ya övladları 18 yaşdan yuxarı olanların boşanmaları qeydiyyat şöbələrində asanlıqla həll edilir, belə şəxslər asanlıqla boşana bilirlər. İş məhkəmələrə o halda yönləndirilir ki aliment problemi, azyaşlı uşaqların kimin himayəsində qalacağı, mal-mülk məsələlərində mübahisələr olur. İnanmıram nikah müqaviləsi bağlayanların sayı çox olsun. Biz daha çox hisslərimizlə, duyğularımızla hərəkət edən, qərar verən cəmiyyətik. Boşanmaların sayının azalması istiqamətində iş görmək lazımdır. Boşanmaların sayının təhlükəli həddə olduğunu nəzərə alıb, bunun  hansı yolla aşağı salınması haqda düşünülməlidir.

Törə Zeynallı 
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top