"Həssas qrupdan olan yeniyetmələr cinayətlərə ortaq edilir" — Çıxış yolu nədir?

GÜNDƏM 24 may 2024, 19:23
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib ki, sosial şəbəkələrdə kriminalın birbaşa və ya dolayı yolla təbliği kimi neqativ hallar narahatlıq doğurur. O qeyd edib ki, televiziya, sosial şəbəkə hesabları, eləcə də reklam lövhələrində insanların diqqətini cəlb edəcək videoçarxlar, uşaq verilişləri, bilik və idman yarışları, qısametrajlı filmlərin daha da geniş səpkidə yayımlanması məqsədəmüvafiq olardı".

Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, cinayətkarlıqla mübarizə işinin təhlili zamanı cinayət törədənlər arasında yetkinlik yaşına çatmayanların da olduğu görünür:

“Onlar özlərindən böyük şəxslər tərəfindən müxtəlif növ cinayətlərə cəlb olunurlar. Həmin şəxslər tərəfindən də əməlləri rəğbətləndirilir. Yetkinlik yaşına çatmayanların cinayətlərə sövq edilməsi özü də cinayətdir. Həssas qrupdan olan yeniyetmələr əsasən cinayətlərə ortaq edilir. Ailəsi tərəfindən nəzarətdə olan uşaqlarla isə belə hallar yaşanmır. Yəni, yetkinlik yaşına çatmayanları cinayətlərə alət edənlər də bilirlər kimlərdən istifadə etmək olar. 

Düşünürəm ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərə mediada çox yer vermək lazım deyil. Sosial şəbəkələrdə bəzən onları qəhrəman obrazında təqdim edirlər, bu, yanlışdır. Bu da həmyaşıdları üçün presedent rolunu oynayır, düşünürlər ki, eyni əməli təkrarlamaq olar. Ona görə də belə informasiyalar qapalı olmalıdır ki, təbliğ edilməsin. KİV-də belə məlumatları yaymaqla cinayətlərin miqyasını genişləndiririk”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top