ATXƏM sədri Azərbaycan ictimaiyyətini İlhan Aşkının müdafiəsinə səslədi

GÜNDƏM 15 may 2024, 10:30
Bu gün saat 15.00-da Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək. 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Azərbaycan ictimaiyyətini İlhan Aşkının müdafiəsinə səsləyib. O, Demokrat.az-a açıqlamasında bildirib ki, İ.Aşkın keçirdiyi mitinqlərdə erməniləri terrorçu, təcavüzkar kimi tanıdıb, həmçinin onları Qarabağdan çıxıb getməyə, torpaqlarımızı tərk etməyə səsləyib: 

“2020-ci il fevralın 26-da Xocalı Soyqırımının ildönümündə İlhan Aşkın mitinqdə çıxış edərək ermənilərə "Qarabağdan çıxın, oralar sizin torpağınız deyil! Əgər Qarabağı tərk etməsəniz, bu yerlər sizə məzar olacaq!” dedi. Bu sözlərinə görə indi o ittiham olunur. Bundan başqa, İ.Aşkın İkinci Qarabağ müharibəsindən sonra minalanmış sahələri təmizləmək üçün "ermənilərdən xəritələri əldə etməyin yolu erməni əsirlərini həmin ərazilərdə gəzdirməkdir" fikrinə görə də ittiham olunur. Bunlar Niderland Krallığının qanunlarına görə, ermənilərə qarşı iğtişaş kimi qəbul olunur.

İlhan Aşkının diaspor fəaliyyətində rolu böyükdür. O, 44 günlük Vətən müharibəsindən sonra 100-dən artıq əlil arabasının ölkəmizə gətirilib I və II Qarabağ müharibələrinin qazilərinə paylanmasının təşkilatçısı olub. Azərbaycanın bütövlüyü uğrunda erməni separatçılarına qarşı mübarizə aparan, daim Azərbaycan xalqının yanında olan İlhan Aşkının bu gün də biz yanında olmalı və dəstək verməliyik. 

Haqq- ədalət öz yerini tutmalıdır!”



Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında Gəncəyə raket hücumları zamanı Haaqada Ermənistan səfirliyi önündə etiraz edən İ.Aşkını bu çıxışlarına görə ermənilər məhkəməyə veriblər. O, keçən il Lahey məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub və iki aylıq həbs cəzasına məhkum edilib. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top