İlk dəfə sertifikasiyada iştirak edənlərə güzəşt olacaq? — AÇIQLAMA

GÜNDƏM 03 may 2024, 18:21
Sertifikasiya imtahanının vaxtı açıqlanıb. Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda keçiriləcək. Ötən il uğur qazana bilməyən müəllimlərsə özlərini 8 iyunda yenidən sınayacaqlar. Qərara əsasən, bu il sertifikatlaşdırma prosesində riyaziyyat, xarici dil, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak edəcəklər. Cari ildə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Təhsil eksperti Elşən Qafarov ilk dəfə imtahanda iştirak edəcək müəllimlərə güzəştlərin tətbiq edilməsi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, sertifikasiyanın məqsədi müəllimlərin peşə hazırlığı və peşəkarlıq səviyyəsini qiymətləndirməkdir. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, sertifikatlaşdırma ilə bağlı Nazirlər Kabinetinin qərarındakı müddəalar hazırda kifayət qədər yumşaldılıb:


“Daha çox metodiki suallara üstünlük verilməsinə baxmayaraq müəllimlərin tədris etdiyi fənn üzrə sadə tapşırıqlar verilir. Yəni, hansısa güzəştin olmasından söhbət gedə bilməz. Onsuz da kifayət qədər güzəşt var. Sertifikatlaşdırma dövlət siyasətidir. Azərbaycanda ümumi orta təhsil şagird yönümlüdür. Müəllimlər müvafiq qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan keçməlidirlər. Yalnız hamilə qadınlar, 3 yaşa qədər uşağa qulluğa görə sosial məzuniyyətdə olanlar sertifikasiya prosesindən müvəqqəti kənarda qalırlar. O cümlədən 60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yeni işə girən müəllimlər də 3 il müddətinə bundan azaddırlar. 

Bəzən müəllimlər psixoloji olaraq özlərini imtahana hazır hiss etmədikləri üçün düşünürlər ki, imtahanda bu il yox, gələn il iştirak etsinlər. Sertifikatlaşdırma  qaydalarında konkret olaraq göstərilir ki, üzürlü səbəblərdən iştirak etmədikdə müəllim növbəti il imtahana girə bilər. Əgər üzürlü bir səbəb yoxdursa, müəllimin imtahanda iştirak etməməsi dərhal əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnəcək. İnanıram ki, müəllimlərimizin əksəriyyəti bu il sertifikatlaşdırmadan uğurla keçəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 14:29
Top