Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

SİYASƏT 30 apr 2024, 10:51
Azərbaycan bir sıra Avropa ölkələri ilə olduğu kimi eyni zamanda Almaniya ilə də etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirir. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Əlaqələrin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvar ayının 12-də tanıyıb. Həmin ildən də iki ölkə arasında diplomatik münasibətlər yaranıb. 1992-ci ilin sentyabr ayında isə Almaniyada Azərbaycan, Azərbaycanda isə Almaniyanın səfirlikləri açılıb.

Son vaxtlar Azərbaycan-Almaniya münasibətləri yeni müstəvidə inkişaf edir. Bu gün rəsmi Berlin Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə səy göstərir. Eyni zamanda Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının, sülhün bərqərar olmasının tərəfdarıdır. Ölkələrimizin biri-birinə yaxınlaşması eyni zamanda Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir.

Alman xalqı ilə əlaqələrimizin dərin tarixi kökləri var. Belə ki, XIX əsrdə bir sıra alman tayfaları Azərbaycana köçüb, yerli əhali ilə qaynayıb-qarışıb. Və bu illər ərzində iki millət arasında heç bir narazılıq, münaqişə olmayıb. Əksinə, alman tayfaları Azərbaycana üzümçülüyün və şərabçılığın inkişafında və iqtisadiyyatın digər sahələrində böyük töhfə verib.

Bu gün Almaniya Avropa məkanında öz liderliyini qoruyub saxlamağa çalışır, bununla əlaqədar Almaniya dünyanın aparıcı, lider dövlətləri ilə sıx əlaqə yaradır. Azərbaycan da regionun lider dövlətidir.

Aprel ayının 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniyada rəsmi səfərdə olub. Qürurverici haldır ki, İlham Əliyev Berlində olduqca yüksək səviyyədə, hörmət və ehtiramla qarşılandı ki, hər dövlət başçısına bu qədər hörmət və yüksək səviyyədə ehtiram göstərilmir.

İlham Əliyev noyabr ayında respublikamızda təşkil olunması nəzərdə tutulan COP29-a hazırlıq çərçivəsində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniya dövlət rəsmiləri ilə görüşüb.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi artıq böyükdür və belə tədbirlər respublikamızda yüksək səviyyətə həyata keçirilir. COP29  kimi mötəbər və olduqca əhəmiyyətli bir tədbirin respublikamızda keçirilməsi və bu nəhəng tədbirə Azərbaycanın ev sahibliyi etməsi onu göstərir ki, burada sabitlik möhkəm təməllər üzərində qurulub. Eyni zamanda Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın bu istiqamətdə də tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Berlində mətbuat konfransında çıxışında Almaniya-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etməsindən və əlaqələrin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Almaniyanın COP29-la bağlı Azərbaycana göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Cənab prezident bildirib ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və Külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. 

Biz indi Avropaya yaşıl enerji ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Təbii qaza gəldikdə isə Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Azərbaycanın Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında keçirilir.

Avropada yeni mənbələrdən olan təbii qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdisə, bu il bu rəqəm 12 milyarda çatıb.

Dövlət başçımız çıxışında regional təhlükəsizlik məsələsinə də toxunaraq demişdir: “Cənab Kansler, sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.

Azərbaycan 30 ilə yaxın ermənilər tərəfindən  işğal edilən suveren ərazilərinin 2020-ci ildə böyük hissəsini cəmi 44 gün ərzində işğaldan azad etmişdir. 2023-cu ilin sentyabr ayında isə suverenliyini demək olar ki, tam bərpa etdi. Bu onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və bir qarış torpağının belə işğal altında olmasına razı olmur və olmayacaq.

Azərbaycan öz torpaqlarını hərbi-siyasi yolla və bütün hüquq normalarına riayyət edərək işğaldan azad etdi. Ərazi bütövlüyünü öz gücü ilə təmin etdi.
Erməni vandallarının dağıtdığları, yerlə yeksan etdikləri kənd və şəhərlərdə bərpa, quruculuq işləri gedir.

Artıq öz doğma yurd yerlərindən didərgin düşmüş köçkünlər tədricən doğulub boya-başa çatdıqları ərazilərə qayıdırlar.

Artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənaab İlham Əliyev: “1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini
bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.

Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk”.


Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top