28 yaşlı oğlan baldızına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 22 apr 2024, 12:10
Sumqayıt şəhərində 1996-cı il təvəllüdlü Ziyad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Lamiyəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində baş verib. Ziyad həmin ərazidə yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə baldızı Lamiyənin sol yanaq və sol qulaq nahiyyəiərindən əl zərbələri ilə vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Ziyadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziyad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci ildə Könül ilə ailə həyatı qurub, birgə nikahlarından iki övladları var:

“Təxminən iki ildir ki, baldızım Lamiyə Sumqayıt şəhərində yerləşən kollecdə təhsil aldığı üçün bizimlə birlikdə kirayədə yaşayır. Hadisə günü, təxminən saat 23.00-da yaşadığımız evdə olan zaman, evin həyətində olan su qızdırıcısının qəfildən alışdığını gördüm. Dərhal qızdırıcını söndürdüm. Buna görə ev sahibi Səlimi çağıraraq, baş vermiş hadisə barədə ona məlumat verdim. Səlim də su qızdırıcısının qazını yüksək qoyduqları üçün bu hadisənin baş verdiyini bildirdi. Lakin, Könül və Lamiyə qazın səviyyəsini az qoyduqlarını dediklərindən mən də onların sözlərinə inandım və Səlimə and içərək qazın səviyyəsini az qoyduğumuzu bildirdim. Bundan sonra Səlim getdi. Könül ilə Lamiyə isə yalan dediklərini, həqiqətən su qızdırıcısının qazını yüksək etdiklərini bildirdilər. Əsəbləşərək onlarla mübahisə etdim. Könül və Lamiyənin sifət nahiyyələrindən şillələr vuraraq onları döydüm. Səhəri gün Lamiyə həkimə müraciət etdi. Daha sonra məndən polisə şikayət etdikləri məlum oldu”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ziyad 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı Sumqayıt şəhəri Ceyranbatan bağlarında yerləşən fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top