“Təxribatçı Ermənistan danışıqlar öncəsi Qərbdən təhlükəsizlik təminatı almağa çalışır”

XARİCİ SİYASƏT 05 apr 2024, 12:30
“İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan yürütdüyü paradoksal siyasətə və regionu qarışdırmaq cəhdlərinə qaldığı yerdən davam edir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan sülh danışıqları ərəfəsində Qərbin dəstəyini almağa, siyasi mövqeyini möhkəmləndirməyə çalışır:

“Əvvəlcə martın 31-də Müdafiə Nazirliyi tərəfindən Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə rəsmi məlumat yayıldı və törədiləbiləcək hər hansı bir təxribatın qarşısının qətiyyətlə alınacağı qeyd edildi. Çox keçmədən,silahlı qüvvələrimizin Naxçıvan istiqamətindəki mövqeləri düşmən tərəfindən atəşə tutuldu. Aprelin 2-də isə, Fransanın Avropa və xarici işlər naziri Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı əsassız ittihamlar yönəldərək ölkəmizin Ermənistana hücum etmək niyyətində olduğunu iddia edib. Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenle telefon danışığı zamanı Fransa xarici işlər nazirinin yalan danışdığını qeyd edərək yönəldilən ittihamların əsassız olduğunu vurğuladı. Azərbaycanın Xarici İşlər Nazirliyi də  Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən Fransanın həyata keçirdiyi destruktiv fəaliyyəti tənqid etdi.Sevindirici haldır ki,Fransanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətinə Avropa dövlətlərindən də reaksiya gəlməkdədir.İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Edmondo Çirielli Fransanın tutduğu mövqeni təndiq edərək Fransa xarici işlər nazirinin bəyanatının regiondakı vəziyyəti gərginləşdirdiyini qeyd edib.

Ermənistan tərəfindən törədilən bütün bu təxribatların bu gün Brüsseldə  keçirilməsi nəzərdə tutulan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündən qısa müddət öncə baş verməsi heç də təsadüfi görünmür. Əsas məqsəd, Ermənistanın Qərb tərəfindən təhlükəsizlik təminatı əldə etmək və sülh danışıqlarında Azərbaycanın qarşısına güclü tərəf kimi çıxmaqdır. Ermənistan tərəfi, ona görə də sərhəddə təxribatlar törətməyə çalışaraq baş verə biləcək hər hansı bir qarşıdurmada Qərb dövlətlərinin Ermənistanın təhlükəsizliyi üçün cəlb edilməsini hədəfləyir. Bütün bunlarda məqsəd Azərbaycanı beynəlxalq təzyiqlə üz-üzə qoymaqdır.

Belə hesab edirəm ki, Qərbin son fəaliyyətləri heç də regionda sülhə xidmət etmir. Onların hədəfi Ermənistanı öz geosiyasi məqsədləri üçün istifadə etmək, Rusiya və İrana təsir edərək Cənubi Qafqazda güclənməkdir”.

Millət vəkili qeyd edib ki, mövcud vəziyyətdə bütün region dövlətlərinin sülh və təhlükəsizlik üçün ciddi səy ortaya qoyması vacibdir:

“Bütün bunları nəzərə alaraq, region ölkələri stabilliyin qorunması üçün müqavimət göstərməli, lazımi tədbirlər görməlidirlər. Rusiya prosesləri yaxından izləsə də,bu mənada konkret tədbirlər gördüyünü demək çətindir. İranın fəaliyyətləri isə əksinə olaraq, bölgədəki bölücülüyə xidmət edir. Azərbaycanla münasibətlərinin normallaşmasına baxmayaraq,İran parlamentinin deputatlarından biri İsrail tərəfindən İranın Suriyadakı konsulluğuna raket hücumunun intiqamını almaq üçün İsrailin Azərbaycandakı səfirliyinə hücum etməyə çağırıb. Dövlət başçısı İlham Əliyevin hər zaman İranla dostluq və qardaşlıq siyasətinə üstünlük verməsinə baxmayaraq,rejim rəhbərlərinin deputatın bəyanatına səssiz qalması İranın Azərbaycana olan qərəzini bir daha göstərir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top