Müasir ixtisasların inkişaf etdirilməsinə ehtiyac var — Kadr çatışmazlığı nədən qaynaqlanır?

İKT 16 mar 2024, 19:16
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair keçirilən mətbuat konfransında önəmli məsələlərə toxunuldu. Dövlət və özəl qurumların əməkdaşlarının, mətbuat nümayəndələrinin, ekspertlərin iştirak etdiyi tədbirdə informasiya və kommunikasiya texnologiyaları sahəsində kadr potensialı, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, innovasiya ekosistemi, rəqəmsal hökumət, strategiya, tərəfdaşlıq və normayaratma və digər məsələlərlə bağlı əhatəli hesabat təqdim olundu.  Bildirildi ki, bu ilin sonuna kimi yerli kibertəhlükəsizlik məhsulunun Azərbaycan bazarına təqdim olunması hədəflənir. Belə ki, 2024-cü ilin sonuna kimi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ümumilikdə 400 nəfərə yaxın şəxs təlimlərə cəlb olunacaq. Həmçinin, cari il ərzində ölkədə startaplara dəstək üçün 10 milyon ABŞ dollarlıq eyniləşdirmə fondu yaradılacaq. Bu il, həmçinin, ölkədə Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə özəl qurumların inteqrasiyasına start veriləcək. Qurumun sədr müavini Rəşad Xalıqov ilkin mərhələdə bankların sistemə inteqrasiyasına başlanılacağını vurğuladı. Altsistemin Rəqəmsal Hökümət Platforması ilə inteqrasiyası nəticəsində vətəndaş və dövlət qurumları arasında elektron sənəd mübadiləsi təmin ediləcək.


Tədbirdə müzakirə olunan mühüm məsələlərdən biri də data analitika sahəsi oldu. R.Xalıqovun sözlərinə görə, bu gün ölkədə data analitika sahəsində mütəxəssis çatışmazlığı yaşanır. Sədr müavini mövcud vəziyyəti data əsaslı qərar qəbul etməyə tələbin kifayət qədər olmaması ilə əsaslandırdı: "Bu, özü bir mədəniyyətdir. Təcrübəyə baxsaq, bu sahədə ilk olaraq özəl sektor bazarın tələbinə əsasən mütəxəssis formalaşdırır. Bizdə də özəl subyektlərdə data qəbuletmə mədəniyyəti formalaşıb. Amma bu, çox az sayda olan böyük şirkətlərdədir", - deyə R.Xalıqov əlavə edib.


İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, data analitika sahəsi adından da göründüyü kimi, datalar (rəqəmsal məlumatlar) əsasında yaranan sahədir:

“Əgər əlimizdə analiz edəcək data yoxdursa və ya bu data saxlanılmayıbsa, data analiz edən bir şəxsə də ehtiyac yoxdur. Kağız üzərində olan əl yazısı da data hesab edilir. Amma məsələ fiziki formada olan datalar barədə deyil, müasir rəqəmsal və ya rəqəmsallaşmış datalar haqqındadır. Burada mütəxəssislər necə yetişib formalaşır və hansı işləri görürlər sualı ortaya çıxır. Data mütəxəssislərinin yetişməsi üçün müəssisələrin böyük datası olmalıdır ki, onu analiz etmək üçün mütəxəssis tələb olunsun. Ölkəmizdə artıq böyük dataya sahib müəssisələr mövcuddur, amma etiraf etmək lazımdır ki, bunların sayı çox deyil və ya datanı anlayıb ondan səmərəli istifadə etmək barədə fikirləşənlər də azdır. Dataların toplanması da peşəkarlıq tələb edir. Çünkü datalar yarımçıq, natamam oluqda ondan səmərəli istifadə etmək çətinləşir. 


Ekspertin sözlərinə görə, dataların yığılması və istifadə olunması peşəkarlıq tələb edir:

“Hal-hazırda, əsasən, mobil operatorlar, şəbəkə marketlər, dövlət qurumları kifayət qədər dataya sahibdir. Bu datalardan istifadə edərək işləri səmərəli hala gətirmək mümkündür. Datalar əsasında risklərin idarə olunması, səmərəli biznes planlar və məhsuldar qərarların alınması mümkündür. Çox sadə misallarla izah etmək olar. Məsələn, marketlər fəsillərə görə ondan alınan malların tiplərini analiz edib tapa bilər ki, hansı fəsildə hansı mallar çox alınır və hansı malları müştəriyə təklif etməlidir. Belə olduqda o, daha dəqiq mal sifarişi verə bilər. Həm mallar əlində qalıb israf olmaz, həm də müştəri ona lazım olanı daha rahat və ucuza tapa bilər. Bir karqo şirkəti xaricdən gətirdiyi malların tiplərinə baxıb analiz apara bilər ki, xaricdən ən çox hansı mallar alınır. Tələb çoxdursa, həmin malı istehsal edib daha ucuza təklif edə bilər. Bu da yeni iş yeri və müvafiq sahənin inkişafına səbəb olar. Daha çox qazanmaq üçün də datalardan istifadə oluna bilər. Tutaq ki, hər hansı bir mobil operator öz qazancını artırmaq niyyətindədir. Bunun üçün ayda 2 manatdan çox balans yükləməyən müştərilərin siyahısını tərtib edir və onlara ayda 2 manat deyil 5 manat yüklətməyi özünə hədəf seçərək həmin müştərilərə özəl müxtəlif enirim kampaniyaları edə bilər. Seçim isə müştərinindir. Bu misallar data analitikasını izah etmək üçün çox sadə misallardır”. 

B.Əliyev qeyd edib ki, datalardan düzgun və səmərəli yararlanmaq üçün daha böyük alqoritmik yollar və alətlərdən istifadə olunur: 

“Hal-hazırda maşın öyrənmə (machine learning – ML) və süni intellekt (artificial intelligence – Aİ) kimi alətlər vasitəsilə data analitika və ondan istifadə qaydaları daha çox inkişaf edir. Bu ixtisasın universitetlərdə də tədris olunmasına ehtiyac var. Hələlik bu sahə mühəndislik ixtisasının içində sadə dərs kimi keçilir, ayrıca ixtisas kimi çox az rast gəlinir. Bəzi şəxslər öz imkanları ilə bu sahədə ixtisaslaşırlar. Amma gələcəkdə dövlət və özəl sektorda data analitik kimi ixtisaslaşan şəxslərin potensialından istifadə edərək bu ixtisası bir çox universitetdə tədris etmək olar”. 
Ekspert hesab edir ki, əsas məsələ ehtiyacımız olan müasir ixtisasların ölkədə inkişafına təkan verməkdir:  

“Düşünürəm ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında qeyd olunduğu kimi təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına dair əməkdaşlığın genişləndirilməsinin təşkili məsələsi digər sahələr üçün də nümunə ola bilər. Fikrimcə, zəruriyyət yarandıqca belə də olacaq. Eyni zamanda bu sahə üzrə dövlət hesabına xaricdə təhsil də mümkündür. Təsadüfü deyil ki, Strategiyada xarici ölkələrin qabaqcıl universitetlərində, elmi mərkəzlərində informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə ölkə üçün mütəxəssis hazırlığına dəstək verilməsi əksini tapıb”. 

Təhsil eksperti Qoşqar Məhərrəmov da mövzu ilə bağlı fikirlərini bölüşüb. O, sayta açıqlamasında deyib ki, data analitika sahəsində mütəxəssis çatışmazlığı müxtəlif səbəblərdən qaynaqlanır:



“Data analitika yeni sahə olduğu üçün bütün dünyada kadr çatışmazlığı var. Bu sahədə Azərbaycanda bakalavr ixtisasları çox məhduddur. Bakalavr pilləsində yeni ixtisaslar açılsa belə müəllim çatışmazlığı var, ona görə də keyfiyyətli data analitika ixtisasları aça bilmirik. Buna görə də tələbələr cəlb oluna bilmir bu sahəni öyrənməyə. Bundan əlavə cəmiyyətdə data analitika  haqqında məlumatı olan insanlar azdır. Çoxu bilmir ki, bu ixtisas nə işə yarayır, hansı yerlərdə işləmək olar, maaş nə qədərdir. Bu sahənin ölkədə tanıdılması da zəifdir, ona görə bura yönələn yoxdur. Təbii ki, xarici resurslara əlçatanlığı olan, ingilis dilini bilən, müxtəlif peşələri araşdıran şagirdlər hələ abituriyent ikən bu sahənin önəmini başa düşür və bura yönəlirlər. Onlar, adətən, xaricdə oxumağı seçirlər, çünki mütəxəssislər inkişaf etmiş ölkələrin reytinqli universitetlərində cəmlənib. Məlumatlı abituriyent xaricdə oxumağı seçir, xəbərsiz olanlar ümumiyyətlə bu sahəyə yönəlmir, beləliklə kadr çatışmazlığı yaranır”.

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top