“Yaşıl enerji” əsri — Azərbaycan prosesin aktiv fazasındadır

GÜNDƏM 02 mar 2024, 19:15
Azərbaycan Avropanı ənənəvi enerji ilə təmin etməklə bərabər, təmiz və ekoloji sağlam gələcək naminə “yaşıl enerji” sahəsində əməkdaşlığa da töhfə verir. Ölkəmiz bu il COP29-a ev sahibliyi etməklə “yaşıl enerji”yə qlobal keçidin inkişafı və hamı üçün daha davamlı və firavan gələcəyin qurulmasında konstruktiv rol oynamağa sadiq olduğunu bəyan edir. 2024-cü il martın 1-də Bakıda “Gülüstan” Sarayında baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması və bərpa olunan enerjinin imkanlarından istifadə mövzularında plenar sessiyalarla yadda qaldı. 



Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir: “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. Gələcək planlardan söz açan Prezident İlham Əliyev vurğuladı ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub: “Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq”. 

Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, hazırda qlobal məkanda cərayan edən hadisələr Azərbaycanın bu günə qədər həyata keçirdiyi işlərin doğruluğuna dəlalət edir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan “yaşıl enerji”yə keçidin aktiv fazasındadır: 



“BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa olunan günəş elektrik stansiyasının gücü 230 meqavatdır. Bu, hələ başlanğıcdır. 2030-cu ilə qədər 5 qiqavat günəş elektrik enerjisinin istehsalə planlaşdırılır. Bu, böyük irəliləyişdir. “Yaşıl enerji” sahəsində əsas investorlar BƏƏ-nin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləridir. Bərpa olunan enerji resursları baxımından nəhəng potensialımız var. Həm Xəzər dənizində, həm də respublikanın müxtəlif ərazilərində alternativ enerji mənbələri zəngindir. Regionlar üzrə hazırlanmış xüsusi atlaslar vasitəsilə bir daha əmin oluruq ki, potensialımız böyükdür. Xüsusən Qara dənizin dibi ilə ötürüləcək “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Azərbaycan Avropaya yaşıl enerji ötürən əsas ixracatçılardan birinə çevriləcək. Bu təşəbbüs region üçün xüsusi önəm daşıyır. Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaq. Beləki 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur”. 

Deputat qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi ilə bağlı qərar qəbul olunanda müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq: 

“Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir. Azərbaycanın COP 29-a ev sahibliyi etməyi üzərinə götürməklə öz iradəsini nümayiş etdirdi və digər dövlətlər tərəfindən bu təşəbbüs dəstəkləndi. Neft və qazla zəngin ölkə olmağımızla yanaşı, “yaşıl enerji”yə keçid prosesində də aktiv iştirak edirik. Azərbaycan Cənub Qaz Dəhlizini inkişaf etdirməklə yanaşı Yaşıl Enerji Dəhlizi layihəsini də reallaşdıracaq və gələcəkdə buna bənzər layihələri də uğurla icra edəcək”.

N.Həmzəyev əlavə edib ki, “yaşıl enerji” layihələri ilə bərabər Azərbaycan Avropanın əsas qaz təminatçılarından biri olmağa davam edir:

”Ötən il Xəzərin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qaz kommersiya hasilatı baş verdi. Bu, “Şahdəniz”dən sonra ikinci nəhəng qaz mənbəyinin kəşfi deməkdir. “Abşeron” yatağı gələcək şaxələndirmənin bazasını təşkil edəcək. İllik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir, bu da Azərbaycanın qaz hasilatında kifayət qədər artım deməkdir. Bu layihənin 2-ci fazası ilə bağlı razılıq əldə etdikdən sonra 4-5 milyard kubmetr həcmində əlavə hasilat həyata keçiriləcək və dünya bazarlarına nəql olunacaq”. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da sayta açıqlamasında deyib ki, 21-ci əsrin birinci yarısı Azərbaycan üçün qaz, ikinci yarısı isə “yaşıl enerji” əsri olacaq:

“Artıq ikinci dəfədir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası Yaşıl Enerji Məşvərət Şurası ilə paralel keçirilir. Azərbaycanın “yaşıl enerji”ni Avropa ölkələrinə nəql etməsi üçün böyük planları var. Azərbaycan Avropaya gedən “yaşıl enerji”nin hərəkətverici qüvvəsi, həmçinin “yaşıl enerji” üçün tranzit ölkə olmağa çalışır. Bu da Özbəkistan və Qazaxıstanın “yaşıl enerji” hasilatının Xəzərin dibi ilə Bakıya çatdırıması, daha sonra isə Qara dənizin dibi ilə Avropaya ötürülməsi planıdır. Xəzərin o tayının enerjisini “yaşıl enerji”yə çevirib ilk öncə Azərbaycana və ölkənin infrastrukturu ilə Avropaya çatdırmaq real və özünün gələcək perspektivlərinə görə əhəmiyyətli layihədir. Ölkə başçısının da qeyd etdiyi kimi bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək”. 

İ.Şaban Cənub Qaz Dəhlizi layihəsinin yerli və beynəlxalq əhəmiyyətinə də toxunub:

“Enerji təhlükəsizliyi məsələsi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdəndir. Beləki, bu gün Azərbaycan Türkiyə və Gürcüstandan əlavə 6 Avropa ölkəsinə qaz nəql edir. Avropaya qaz ixracı Cənub Qaz Dəhlizi layihəsi əsasında reallaşır. Dünənki görüşdə bildirildi ki, 2025-ci ilin 4-cü rübündə Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP 1,2 milyard kubmetr genişləndiriləcək. 2027-ci ildə isə özünün buraxıcılıq gücünü 2 dəfə artırmaq qabiliyyətində olacaq. Bu artıq yeni dövrün yeni tələbləri və onların həlli üçün maraqlı tərəflərin bir müstəvidə birgə hərəkətidir. İlk görüşdən 10 il keçsə də layihə öz missiyasını davam etdirir. Avropanın Enerji Komissarı Kadri Simson qeyd etdi ki, 2050-ci ildə Avropa İttifaqı ənənəvi enerjidən tam imtina edəcək, 2040-ci ildən sonra isə bu prosesə sürətli keçid üçün proqram var. Dünyada baş verən siyasi-iqtisadi dəyişiklikdən sonra Aİ 2025-ci ildə Rusiya qazından tamamilə imtina etməyi qarşısına məqsəd qoyub. Buna görə də Azərbaycan alternativ enerji təchizatçısı kimi yüksək dəyərləndirilir. Ötən il Azərbaycan qazının Avropa bazarlarında satışı əvvəlki illərlə müqayisədə 45 faiz artıb. Digər bir maraqlı məqam odur ki, 2023-cü ilin yekunlarına görə Azərbaycan boru kəməri ilə Aİ ərazisinə idxal etdiyi qazın həcminə görə 5-ci ölkə olub və yaxın illərdə Azərbaycan Rusiyanı bu göstəricidə geridə qoya bilər. Nəinki Avropanın yeni ölkələri, o cümlədən Xəzərin o tayından Qazaxıstan və Özbəkistan da bu toplantıda iştirak edirdi, iştirak edən dövlət və təşkilatların sayına görə 10-cu iclas bu vaxta qədər keçirilən görüşlərin ən böyüyü idi”. 

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ekologiya və ətraf-mühitin mühafizəsi istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top