“Azərbaycan vətəndaş cəmiyyəti milli, ictimai və dövlət maraqlarının müdafiəsi sahəsində uğurlu fəaliyyət göstərir”

GÜNDƏM 27 fev 2024, 19:55
 Bu gün Ümumdünya Qeyri-Hökumət Təşkilatları Günüdür. Ümumdünya QHT Günü ilk dəfə 2010-cu il aprelin 17-də Litvanın paytaxtı Vilnüsdə keçirilən IX Baltik Dənizi Regionu QHT Forumunun 8-ci sammitində 12 Baltik hövzəsi dövləti tərəfindən rəsmi olaraq elan edilib. Bu tarix 27 fevral 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində beynəlxalq səviyyədə rəsmi olaraq qeyd olunub və həmin ildən bir çox ölkələrdə təqvimə salınıb

Bu gün vətəndaş cəmiyyətinin ayrılmaz qolu olan qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətinin şahidi oluruq. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin sözlərinə görə, ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı mühüm addımlar atılır. O, Demokrat.az-a açıqlamasında deyib ki, bu istiqamətdə dövlətin qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi xüsusi qeyd edilməlidir:

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondu davamlı olaraq QHT-lər üçün qrant müsabiqələri elan edir. Bu da Azərbaycanda qht sektorunun fəaliyyətinə stimul yaradır. Xüsusilə də cənab Prezident tərəfindən ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstəyin ifadə olunduğu danılmazdır. 2022-ci ilin dekabr ayında Şuşa-Xankəndi yolundakı ekoaksiyadan sonra cənab Prezident öz çıxışında könüllülərin fəaliyyətini yüksək qiymətləndirdi. Eyni zamanda Ermənistanın dağ-mədən sənayesinin ətraf-mühitə vurduğu ziyanla bağlı vətəndaş cəmiyyətinin gördüyü işlər də ölkə başçısı tərəfindən rəğbətləndirildi. Bütün bunlar ölkədə vətəndaş cəmiyyətinə göstərilən diqqətin təzahürüdür”. 

Ekspert qeyd edib ki, QHT nümayəndələri daim vətəndaş cəmiyyəti mühitinin inkişafı üçün təşəbbüslərlə çıxış edir:

“Yeni çağırışlarla bağlı dövlət qurumlarına, əlaqədar təşkilatlara ünvanlanan təkliflər aktiv fəaliyyətin mövcudluğuna dəlalət edir. Düşünürəm ki, Azərbaycanda QHT-lər arasında koalisiyalaşma sahəsində müəyyən problem yaşanır,  bəzi təşkilatlar koalisiya şəklində müəyyən tədbirlərin keçirilməsində çətinlik çəkir. Əsas hədəflərimiz institutlaşma ilə bağlı olmalıdır, çünki ötən dövrlərdə QHT-lərin sahəviləşməsi yönündə bir sıra problemlər ortaya çıxdı. QHT-lərin monitorinqi, hesabatların hazırlanması ənənəsinin inkişaf etdirilməsinə ehtiyac olduğunu hesab edirəm. İctimai nəzarət alətlərinin inkişafı üçün imkanlar var və bu sahədə vətəndaş cəmiyyəti olaraq daha istəkli olmalıyıq. Digər bir məqam bu sektorda peşəkarlıq məsələsidir. Düşünürəm ki, bu məsələyə diqqət ayrılması vacibdir. Mövcud çatışmazlıqların aradan qaldırılmasında dövlət qurumlarının da dəstəyinə ehtiyac var, həmçinin, beynəlxalq təşkilatlarla da ciddi əməkdaşlıq etmək lazımdır. Ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti bu gün milli, ictimai və dövlət maraqlarının müdafiəsi sahəsində uğurlu fəaliiyyət göstərir, bununla belə paralel olaraq gələcək inkişaf üçün səylər daha da artırılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top