“Xəzərin səviyyəsi arta da bilər” — Tədbir görülməlidir

GÜNDƏM 27 fev 2024, 18:56
 Xəzər dənizinin suyunun azalması ölkənin ciddi ekoloji problemi olaraq qalır. Astarada Xəzər dənizi təqribən 20-25 metr məsafədə geri çəkilib. Buna görə rayonun park-bulvar kompleksinin ərazisində bulvarla dəniz arasında quru sahə yaranıb. “Baku tv” xəbər verir ki, yerli sakinlərin sözlərinə görə Astara Dənizkənarı Bulvarı tikilməmişdən əvvəl burada xüsusi qurğular və daşlar quraşdırılmışdı ki, bulvar hazır olandan sonra su bu hissəyə daxil olmasın. İndi isə həmin istehkamlara ehtiyac qalmayıb və Xəzər dənizi geri çəkilib.

Hidroloq Rövşən Abbasov bildirib ki, dənizin səviyyəsinin azalmasını 825 km-lik sahil boyu müşahidə etmək olur. O, Demokrat.az-a açıqlamasında bunun iqlim dəyişikliyinin birbaşa təsiri ilə baş verdiyini deyib: 


“10 illərdir ki, Xəzərə axan çayların suyu iqlim dəyişikliyinin təsiri ilə azalıb. Onu da qeyd etmək lazımdır ki, bu çaylardan su götürmələri də artıb. Volqa və Kür çaylarını misal çəkmək olar. Digər tərəfdən, Xəzərin səthində buxarlanmanın artıdığı da müşahidə olunur. Hər halda sahil dəyişmələrinə adaptasiya olmaq lazımdır, çünki biz onun əvvəlcədən necə dəyişəcəyini bilmirik”. 

Ekspert qeyd edib ki, Xəzər dənizinin daha da azalacağına dair proqnozlar var:


“Dənizin səviyyəsi -33 metrə qədər azala bilər, bu da daha ciddi problemlər yarada bilər. Ona görə də dəniz səviyyəsinin dəyişməsinə görə müəyyən adaptasiya tədbirləri həyata keçirilməlidir. 1995-ci ildə dənizin səviyyəsi xeyli artmışdı, bu zaman sahil infrastrukturuna ciddi ziyan dəymişdi. Bakı-Astara dəniz yolu bağlanmışdı, Lənkəranda bir çox ərazilər suyun altında qalmışdı, Neftçalanın ayrı-ayrı kəndlərini su basmışdı, əhali köçürülmüşdü. Eyni proses yenə də baş verə bilər, baxmayaraq ki, dəniz çəkilib. Hər iki vəziyyətə hazır olmaq lazımdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top