“İstilik sistemləri əsas binadan kənarda yerləşdirilməlidir” — Ekspertdən TÖVSİYƏ

SOSİAL 21 fev 2024, 17:23
Naxçıvan Muxtar Respublikasında 130-a qədər təhsil müəssisəsində istilik sistemi məktəblərin binasında yerləşdirilib.  

Nazirliyin əməkdaşı Elnur Qasımov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və aidiyyəti orqanlara müraciət olunub. 

O bildirib ki, əvvəlki dövrlərdə təhsil müəssisələrinin tikintisini sifarişçi qismində Təhsil Nazirliyi deyil, başqa təşkilatlar çıxış edib: 

"Tikinti normalarına zidd olaraq təhsil müəssisələrinin bəzilərində istilik sistemləri məktəb binalarının daxilində, sinif otaqlarının üzərində və ya pilləkən boşluqlarında yerləşdirilib. Mütəxəssislərin rəyinə əsasən bu, təhlükə mənbəyidir. Nəzərə alsaq ki, təhsil müəssisələri arasında məktəbəqədər təhsil müəssisəsi, yataqxanası olan məktəblər də var, baş verə biləcək hər hansı fövqəladə hal zamanı onların məktəbdən təxliyəsi böyük çətinlik yarada bilər". 

E.Qasımov qeyd edib ki, ilkin olaraq 2024-2025-ci tədris illərində həmin təhsil müəssisələrinin təqribən 13-də istilik sistemlərinin çölə çıxarılması nəzərdə tutulub. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, istilik sistemləri tikinti normal və standartlarına uyğun olaraq əsas inzibati binadan kənarda yerləşdirilməlidir:

“Qazanxana, nasosxana, generator otaqları əsas binadan kənarda yerləşdirilir. Yüksək təzyiqli istilik sistemlərinin binanın daxilində olması hər hansı nasazlıq baş verdiyi an təhlükəyə səbəb ola bilər, yanğın baş verə bilər. İstilik sistemlərinin restavrasiyası, yenidən qurulması, avandanlıq və qurğularında baş verən nasazlıqların aradan qaldırılması da buna nəzarət edən müəssisə tərəfindən həmin yerdə həyata keçirilir”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdənkənar və 4 peşə məktəbi olmaqla, ümumilikdə 270 təhsil müəssisəsi var.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top