Ermənistan münaqişənin davam etməsində maraqlıdır — SƏBƏBLƏR

GÜNDƏM 14 fev 2024, 19:21
KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov bildirib ki, Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialı yüksəkdir. Onun sözlərinə görə, münasibətlərin normallaşması üçün sülh müqaviləsi imzalanmalıdır. “APA” xəbər verir ki, qərargah rəisi Qərbin Bakı və İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışdığını qeyd edib. 

Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, KTMT Ermənistanın ərazi bütövlüyünə cavabdehdir: 


“Sərhədlər hələ müəyyən olunmayıb, amma Ermənistan təxribatlar törədir. Azərbaycan eskalasiyasının artmasında maraqlı deyil. Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycanın gücünü bilir. Əgər təxribatlar davam edərsə, bu, Ermənistanın tamamilə məğlub olması, Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Necə ki Azərbaycan ordusunun “Qisas” əməliyyatı Ermənistan hakimiyyətində “soyuq duş” effekti yaratdı”.

Ekspert deyib ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə təxribat törətməsi və bunu könüllü terror dəstəsinin üzərinə atması onun məsuliyyətdən yayındığını göstərir:

“Əgər Ermənistan dövləti terror təşkilatına şərti sərhəddə yerləşməyə icazə verirsə, əlbəttə ki, bunun məsuliyyətini ölkənin hərbi-siyasi rəhbərliyi daşıyır. Ermənistan tərəfi sülhdən, konstitusiya dəyişikliyindən danışırsa, bu o demək deyil ki, o, sülh prosesində maraqlıdır. Ermənistanın yeni hücum silahları alması, tərəfdaşlıq etdiyi ölkələrlə silah alışı ilə bağlı müqavilələr bağladığının şahidi oluruq. Hesab edirəm ki, Ermənistan tərəfi münaqişənin davam etməsində hələ də maraqlıdır və buna görə də sülh prosesindən yayınır. Ölkə rəsmiləri çalışır ki, vəziyyəti manipulyasiya etsinlər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top