Milyonların da olsa, sən Həccə gedə bilməzsən! — Şeyxin qudası

MÜSAHİBƏ 12 fev 2024, 17:28
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Sosial şəbəkələrdə qiymət müzakirələrə səbəb olub. Bir çoxları ziyarət qiymətinin yüksək olmasından şikayətlənib, bəziləri qiymətlərin normal olduğunu bildirib.

Sabiq deputat Hacı Qalib Salahzadə uzun illərdir ki, mütəmadi şəkildə Kəbə evini ziyarətə gedir və bir sıra insanları da öz şəxsi hesabına Həccə göndərir.
 
Modern.az-ın əməkdaşı bunları nəzərə alaraq eks-deputatla həmsöhbət olub.
 
- Hacı, müqəddəs ziyarət üçün sənəd qəbulu yenidən başlayıb. Siz dəfələrlə Məkkədə olursunuz. Bu dəfə də Həcc ziyarətinə getmək barədə düşünürsünüz?

- Sözün düzü Ümrə ziyarətindən 2 ay olar ki, qayıtmışam. Amma indi Həcc ziyarətinə gedib-gəlmək mənim üçün çətin olar. Sağlıq olsun, sentyabr-oktyabr aylarında yenidən Ümrə ziyarətinə getmək fikrim var.

- Siz bəzi ehtiyac sahiblərinin, şəhid yaxınlarının da Həccə getməsinə kömək etmisiniz. Bəs bu il necə, kimlərinsə müqəddəs yolçuluğa çıxmasına şərait yaradacaqsınız?

- Hələlik mənə müraciət edənlər olmayıb. Əgər müraciət olsa, həmin şəxslərə kömək etmək barədə düşünərəm. Birdə ki, mən heç kəsi Həccə göndərməmişəm. Kiminsə, “mən filankəsləri Həccə yollamışam” deməyini də xoşlamıram. Şəxsin Həccə getməsini Allah istəyib, mən sadəcə, səbəbkar olmuşam. Bu təbiidir ki, insanlar Allahın çağırışına qaçır. Allahdan dəvət olmadıqca, heç kəs ziyarətə gedə bilməz. "Mən gedib-gələrəm" demək doğru deyil. Allahın dəvəti olmalıdır. Allah bütün Həccə gedənlərin ibadətlərini qəbul etsin.

- İndiyə kimi neçə dəfə Həccə ziyarətində olmusunuz?

- 1990-cı ildən bugünə kimi hər il Allahın evini ziyarət etmişəm. Mən Allahdan can sağlığı istəyirəm ki, Kəbənin ətrafında 2 rükət namaz qılım. 2 rükət namaz qılanda elə bilirəm ki, arzum yerinə yetdi. Vaxt olub ki, ildə iki dəfə Kəbəni ziyarət etmişəm. Hətta mən iki dəfə Kəbə evinin içərisində olmuşam. Allah bütün hacıların ibadətlərini qəbul etsin.

- Builki Həcc ziyarətinin qiymətləri açıqlanıb. Yəqin ki, siz də tanışsınız. Qiymətlərin qalxmasından şikayət edənlər çoxdur. Siz bu haqda nə deyə bilərsiniz?

- Vallah mən qiymətləri televiziyadan öyrənmişəm. Həcc ziyarətinə gedən adamlara qulluq etmək, onlara yüksək səviyyədə xidmət göstərmək lazımdır. Ona görə də Həcc ziyarətinin qiymətləri ildən-ilə dəyişir. Onu mən-sən dəyişdirə bilmərik. Orada otellərdə, binalarda, ümumiyyətlə elə dəyişikliklər var ki, bunların hamısı xərcdir. Ona görə də qiymətlərdə dəyişiklik olur.

- Bəziləri "o qədər pul verib Həccə gedincə, kasıb-kusuba kömək edib savab qazanmaq daha yaxşıdır" deyirlər. Bu fikirlərə münasibətiniz necədir?

- Bu fikirlə razılaşmıram. Yenə deyirəm ki, bu ibadət özəldir. O insanlar ki pulları var və “mən Həccə gedərəm” deyirlər, düz etmirlər. Çünki milyonların da olsa, sən Həccə gedə bilməzsən. Gərək Allah tərəfindən icazə olsun. Gözəgörünməz izn vermədikcə, heç kəs Həcc ziyarətini icra edə bilməz. Mən gedib gördüyüm hadisələri danışsam, deyərlər ki, belə də şey olar... Gözümün qabağında o qədər hadisələr olub ki... Yox-yox, gərək adamı Allah dəvət eləsin. Yoxsa ki, "mənim pulum var, gedirəm" kimi sözlərə mən inanmıram. Mən iki dəfə Kəbə evinin içərisində olmuşam. Kəbə evinin açarını əlində tutan şəxs iki dəfə mən öz evində qonaqlayıb. Halbuki, mən bu adamı tanımıram, o da məni tanımır. Bunların olmasını Allah istəyib. Yoxsa mən kiməm ki, qapını açıb desinlər ki, buyur Kəbənin içərisinə!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top