Zaqatalada məktəblilərin ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir? — AÇIQLAMA

GÜNDƏM 09 fev 2024, 14:57
Xəbər verdiyimiz kimi dünən Zaqatala rayonu Göyəm kəndində baş vermiş yol qəzasında 5-ci sinif şagirdləri olan 2 məktəbli dünyasını dəyişib, biri isə ağır yaralanıb. “Mercedes” markalı minik avtomobili ilə qəza törədən Emin İbrahimovun sürücülük vəsiqəsinin olmadığı bildirilir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında bildirib ki, piyada ölümünə səbəb olmağından əlavə şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi də məsuliyyət yaradır:



“Cinayət Məcəlləsinin 263-cü maddəsində qeyd olunub ki, sürücülük hüququ olmadan 2 və daha artıq şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə sürücünü 6-8 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Şəxsin ailə vəziyyəti, peşmançılığı, avtotexniki ekspertizanın rəyi, piyadaların həmin an yolun hansı hissəsi ilə hərəkət etməsi də istintaqın gedişində nəzərə alınacaq”. 

Ekspert qeyd edib ki, rayon, kənd yerlərində yol polisləri sürücülük vəsiqəsi olmayan şəxslərin avtomobil idarə etməsinə göz yumurlar: 

“Niyə, nəyin qarşılığında?! Çox istərdim ki, Daxili İşlər Nazirliyi bu məsələni nəzarətə götürsün. Bütün rayon yol polisi şöbələrinin rəisləri bir-bir yoxlanılmalıdır ki, kimlərin ərazisində sürücülük hüququ olmadan maşın sürməyə icazə verilir. Hansı üstünlüklərinə görə bəzilərinə bu haqq verilib?! Bunu araşdırsınlar. Təssüf ki, artıq neçənci dəfədir oxşar hallar baş verir. Xüsusən, ucqar kəndlərdə, hansı ki, oralara heç yol polisləri gedib çıxa bilmirlər. Köhnə maşınları alırlar mərkəzə gedib-gəlməyə, bazarlıq etməyə. Velosiped əvəzi 500-1000 manata köhnə “06”, “07”, “NİVA” alırlar ki, nəqliyyat vasitələri olsun. Qaydaları bilib-bilmədiklərini soruşan yoxdur, sürücülük vəsiqələrini yoxlayan yoxdur. Bu, nəqliyyat vasitəsidir, velosiped, at arabası deyil. Sosial şəbəkələrdə də dünəndən yazırlar ki, rayon yerlərində sürücülük vəsiqəsi olmayan şəxslərin avtomobil idarə etməsinə göz yumulur. Hadisə baş verib, həmin rayonun yol polisi rəisini çağırıb araşdırsınlar ki, ərazisində sürücülük hüququ olmayan şəxs necə olur ki, maşın sürür, adam öldürür”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top