“AŞPA-nın qərarı Qərbin Azərbaycana qarşı səbəbsiz düşmənçilik aktıdır”— Amerikalı ekspert

XARİCİ SİYASƏT 29 yan 2024, 12:34
Avropa Şurası Parlament Assambleyasının qərarı antiterror tədbirləri ilə suverenliyini tam bərpa etməsindən sonra Qərbin Azərbaycana qarşı səbəbsiz düşmənçilik aktıdır.

Bunu “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Korıbko (Andrew Korybko) deyib.

Onun sözlərinə görə, güclü erməni diaspor lobbisi bütün təsir imkanlarından istifadə edərək Qərb siyasətçilərini Ermənistana yönəltməyə çalışdılar:

“O vaxtdan bəri düşmənçilik və təxribat xarakterli bəyanatlar günbəgün adiləşib. Ancaq bilmək lazımdır ki, siyasətçilər hələ də öz qərarlarına görə cavabdehdirlər”.

Ekspert vurğulayıb ki, sentyabrdan bəri baş verən hadisələrin ardıcıllığı göstərir ki, Qərb, həqiqətən də, güclü erməni diasporunun istədiyi kimi Ermənistana doğru yönəlir:

“Beləliklə, gözlənilir ki, belə bir siyasi kurs sürətlə davam edəcək və AŞPA-nın sonuncu qərarı kimi daha çox düşmənçilik forması alacaq. Ona görə də Bakı Qərbə uzunmüddətli etimadsızlıq dövrünə hazırlaşmalıdır”.


Endru Korıbko

E.Korıbko hesab edir ki, Azərbaycanın bu çətin beynəlxalq şəraitdə irəliyə doğru ən yaxşı yolu qeyri-Qərb ölkələri ilə əlaqələri hərtərəfli genişləndirməkdir:

“Ona görə də Azərbaycan üçün BRICS ilə üzvlük və ya ən azı bir növ tərəfdaşlıq münasibətlərini araşdırmaq yaxşı olar. Çünki Azərbaycan bu çərçivədən Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizinin meqa layihələrinin kəsişməsindəki geostrateji mövqeyindən tam istifadə edə bilər. Praktikada bu, bir-birini tamamlayan Avrasiya əlaqə dəhlizlərinin optimallaşdırılması üçün bürokratik, iqtisadi, maliyyə, maddi-texniki və digər müvafiq siyasətlərin daha sıx əlaqələndirilməsi formasını ala bilər. Rusiya və Çinlə mükəmməl əlaqələr və İranla yeni təkmilləşdirilmiş əlaqələr hazırda BRICS-i Azərbaycan üçün çox cəlbedici varianta çevirməlidir. Bu assosiasiyaya üzvlüyü araşdırmaq onun obyektiv milli maraqlarını irəli sürər və fikrimcə, siyasətçilər tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top