"Fiziki məhdudiyyətli uşağı övladlığa götürməyə risk etmirlər" — SƏBƏBLƏR

GÜNDƏM 15 yan 2024, 19:15
Sosial Xidmətlər Agentliyinin məlumatına görə 2019-cu ildən bugünədək 504 uşaq övladlığa verilib, onlardan 253-ü oğlan, 251-i qızdır. Bildirilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədilə stimullaşdırıcı tədbirlər görülür.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, 18 yaşadək fiziki məhdudiyyəti olan uşaqların övladlığa götürülməməsinin bir neçə səbəbi var:



"Bunun səbəblərindən biri ailənin xərclərinin artması ehtimalıdır. Ailə hesab edir ki, belə uşaqlar daha çox xərc tələb edir, sağlam uşaq götürməyin daha məqsədəuyğun olduğunu düşünür. Psixoloji amillər də səbəblər arasındadır, ətrafdakı insanların tənələri ilə üzləşməmək üçün fiziki məhdudiyyətli uşağı övladlığa götürməyə risk etmirlər. Cəmiyyətdə ətrafın stiqması çoxdur. Ailə bunu istəsə belə kənar təsirlərdən çəkinir. Halbuki fiziki məhdudiyyətli uşaqların övladlığa götürülməsində qaydalar da fərqlidir, güzəştlər edilir. Dövlət tərəfindən sosial təminatlar verilir.

Düşünürəm ki, stimullaşdırıcı tədbirlər görülsə, bu, sui istifadə hallarına da yol aça bilər. Fiziki məhdudiyyətli uşaqlara dövlət imtiyazları artırılsa, övladlığa uşaq götürmək istəməyən amma bu imtiyazlardan faydalanmaq istəyən şəxslər ola bilər. Doğrudur, bizdə qaydalar ciddidir, dərin araşdırma aparılır, uşaqların sonrakı həyatı daim nəzarətdə saxlanılır. Amma hesab edirəm ki, daha yüksək imtiyazlar onlara xeyirdən çox zərər də verə bilər. Yenə də araşdırılmalıdır, çünki fiziki məhdudiyyətli uşaq yaxşı ailəyə verildikdən sonra imtiyazlar onun həyat şəraitini də yaxşılaşdıracaq".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top