Toyda dava oldu, xəsarət alan var — TƏFƏRRÜAT

HADİSƏ 07 yanvar 2024, 11:05
Ağcabədi rayonunda 1994-cü il təvəllüdlü Məmməd münaqişə zəminində həmyerlisi Rahibə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 oktyabr 2022-ci ildə, saat 17 radələrində Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayının həyətində baş verib. 

Məmməd yüksək səslə ünvansız söyüşlər söydüyü üçün həmin kəndin sakini Rahib ona söyüş söyməsini irad tutub. Bu vaxt Məmməd heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib. O, qəsdən Rahibin sifət nahiyəsinə yumruqla bir dəfə vurub.

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 19-da qohumu Musanın Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən “Aura” şadlıq sarayında toy şənliyi keçirilirib: “Mən də bir qohum kimi həmin toy məclisində iştirak etmişəm. Toy məclisində yemək yeyərkən spirtili içki qəbul etdim. Musiqiçilərin yanında olarkən əvvəllər tanıdığım Vaqif ilə aramızda mübahisə oldu. Lakin aramızda heç bir münaqişə olmadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan bir neçə saat sonra, yəni saat 17 radələrində şadlıq sarayının həyətinə çıxıb: “Vaqifin hərəkətlərinə əsəbi olduğum üçün nalayiq sözlər işlətdim. Bu zaman sonradan adını bildiyim Rahib mənə qadınların olmasını, söyüş söyməməyimi bildirdi. Mən Rahiblə mübahisə etdim, yumruqla sifətindən bir dəfə vuraraq ona xəsarət yetirdim. Həmin vaxt ətrafda olan şəxslər bizi aralaşdırdılar. Məni yaxın qohumlarım oradan uzaqlaşdıraraq evə apardılar”. 

İş üzrə zərərçəkmiş Rahibin sözlərinə görə, oktyabrın 19-da “Aura” şadlıq sarayında əmisi oğlunun toy şənliyi keçirilib: “Ailəm ilə birlikdə toy məclisində iştirak edirdim. Təxminən saat 17 radələrində ailəm ilə birlikdə toydan çıxdım və evə getmək üçün şadlıq sarayının həyətinə düşdüm. Həmin vaxt həyətdə çoxlu insanlar olub. Sonradan adını bildiyim Məmmədin nalayiq sözlər işlətdiyini gördüm. Ona qadınların olmasını, qadınların yanında nalayiq sözlər işlətməsini irad tutdum. Həmin vaxt Məmməd heç bir əsas olmadan mənimlə mübahisə etdi, qəflətən yumruqla sifətimdən vurdu. Şadlıq sarayının həyətində olan şəxslər bizi aralaşdırdı, Məmmədi oradan uzaqlaşdırdılar. Bizim mübahisəsimiz təxminən 10-15 dəqiqə davam etdi. Həmin vaxt ərzində toy məclisində olan insanlar narahat oldular. Hadisədən sonra Məmməd məndən üzr istədi. Mən də Məmməd ilə barışdım. Ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 7 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təyin edilmiş cəza müddəti ərzində Məmmədin üzərinə yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top