“Bəzi dərmanlarla virusun fəsadlarını aradan qaldırmaq mümkündür” — İİV-in müalicəsi varmı?

GÜNDƏM 01 dek 2023, 15:54
1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə Azərbaycan İİV (insanın immunçatışmazlığı virusu) infeksiyasına yoluxma səviyyəsi zəif olan ölkələr sırasındadır. Ölkədə epidemiya uzun illərdir ki, yoluxma riski yüksək olan əhali təbəqəsi – inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxma hallarının 38,1 faizi inyeksion narkotik istifadəsi nəticəsində, 51,06 faizində heteroseksual, 3,8 faizində isə homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 5,5 faizində yoluxma səbəbi müəyyən edilməyib. Yoluxan şəxslərin 69,8 faizi kişi, 30,2 faizi isə qadınlardır.


Həkim infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, QİÇS  insanın immun çatışmazlığı sindromunun (İİV) sonuncu, 4-cü mərhələsidir:

“İİV əsasən ləng və gizli gedən xəstəlikdir. QİÇS mərhələsinə çatdıqda artıq insanda immun sistemi çökür, müxtəlif xəstəliklərə həssaslıq yaranır, adi bakteriya və viruslar insanı öldürə bilir. Əslində bu mərhələyə çatana qədər xəstəlik müəyyən əlamətlərlə özünü büruzə verir. Zökəm və dəridə səpkilər yarana bilir. Bu əlamətlərə diqqət etməsək, ötüb keçəndən sonra artıq yalnız analiz verməklə xəstəliyin olub-olmamasını bilmək olar. Xəstəliyin spesifik simptompları yoxdur. Hər bir xəstəlik müxtəlif orqanlarda özünə yer edir. Məsələn, hepatit virusu qaraciyərdə, pnevmaniya isə ağciyərdə yaranır. İİV isə immun sistemini hədəf alır”. 



M.Əliyev onu da bildirib ki, xəstəliyin birdəfəlik müalicəsi yoxdur:

“Əsasən cinsi əlaqə və qan təması yolu ilə yoluxur. Bir neçə cinsi partnyoru olan şəxslərdə yoluxma riski yüksəkdir, narkomanlar arasında yayılma halları da çoxdur. Çünki venadaxili inyeksiyalar xəstəliyin yaranmasına səbəb olur. Bəzi dərmanlarla xəstəliyin orqanizmə vurduğu zərəri aradan qaldırmaq mümkün olur. Bu dərmanlarla xəstəliyin fəsadlarını aradan qaldırmaq və son QİÇS mərhələsinə çatmasını əngəlləmək olar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top