“Tarixi binaların bərpasında kobud səhvlərə yol verilir” — Memar

SOSİAL 17 noy 2023, 20:06
İçərişəhərdə tarixi binaların bərpası prosesi davam edir.

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə bu il yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Əziz Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb. Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilib, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilib, daşları bərkidilib, metal hissələr qoruyucu qatlarla örtülüb. Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılıb.

Memar Cahid Həsənov Demokrat.az-a açıqlamasında tarixi binalarda bərpa işləri aparılarkən diqqət edilməli məqamlar barədə danışıb. O deyib ki, bu cür binaların restavrasiyası xüsusi diqqət və bacarıq tələb edir, bu işi tarixi binaların bərpasında təcrübəyə malik xüsusi briqadalar görməlidir:



“Çox vaxt görürük ki, memarlığı ilə fərqlənən binaya interyerindən fasadına kimi müdaxilələr edilir, dəyişdirilir. Fasadını boyayırlar, hansı ki, binanın fasadı həm də onun yaşından xəbər verir. Klassik taxta pəncərə çərçivələrini plastik çərçivələrlə əvəzləyirlər. Qədimi qapıları çıxarıb, alüminium profilli modern qapılar qoyurlar. Bunlar yolverilməzdir, birmənalı şəkildə binanın üslubuna zərbə vurur, görünüşünü tamamilə dəyişir. Bir tarixi binanın 15-20 il əvvəlki görünüşü ilə indiki arasında yerlə göy qədər fərq var. İnteryerdə də kobud səhvlərə yol verilir, adi mənzil təmirindən fərqlənmir, divarlar suvaq, döşəmə kafel, tavan alçipandan ibarətdir. Bu binaya artıq memarlıq nümunəsi demək olmaz.

Zamanla tarixi binaların ağardılmasına ehtiyac yaranır. Amma binanın rəngini aparatla tamamilə ağartmaq artıq standartlardan kənardır. Belə olan halda hansı qədimlikdən söhbət gedə bilər?! Binanın rəngi onun yaşını, əhəmiyyətini göstərir. Memarlığı ilə seçilən Paris, Roma, London, İstanbul, Qahirə şəhərlərindəki tarixi binalarda heç bu qədər ağartma işləri aparılmır”.   
 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top