“Bu, qəbuledilməzdir” — Təhsil ekspertindən İRAD

GÜNDƏM 02 noy 2023, 21:10
Fənn müsabiqələrinin təşkili və keçirilməsində dəyişikliklər edilib. 

Demokrat.az
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. 
Fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunub. 

“Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıqtipli tapşırıqlardan ibarət olacaq”, məlumatda bildirilir.  

Fənn müsabiqələrində məntiq blokunun ləğv edilməsinə münasibət bildirən təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, bu, şagirdərin analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsinə birbaşa təsir edəcək:

“Əksinə, məktəb yaşında olan uşaqlarda məntiqi düşüncə qabiliyyətini daha da inkişaf etdirməliyik. Məntiq fənninin orta məktəblərin tədris proqramında sürətli inkişafı və təbliği üçün çalışmaq yerinə, fənn müsabiqələrindən çıxarılması qəbuledilməzdir.  



Şagirdlər onsuz da məntiq fənnindən uzaq idilər. Ən azından fənn müsabiqələrində iştirak edən şagirdlər məntiq fənni üzərində çalışır, bacarıqlarını inkişaf etdirirdilər. Artıq təhsildə yeni yanaşmalar məntiq fənninin üzərində qurulur.  

Əzbərçilik üzərində qurulan təhsil metodu şagirdlərə müsbət nəsə vəd etmir. Uzun illərdir şagirdlərin bundan əziyyət çəkdiyini görürük. Orta məktəb proqramında bütün fənlərə dair suallar məntiq yönümlü tərtib edilməlidir. Müasir dövrün təhsilə baxışı bunu tələb edir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top